"Nardaran işi" bu gün də davam edib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Abbas Hüseynov ona təzyiq etmək üçün qardaşlarının həbs olunduğunu deyib.
Hakimdən xahiş edib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) sorğu verib, onların həbs olunmalarının səbəbini öyrənsin. Hakim isə buna səlahiyyətlərinin olmadığını deyib.
Daha sonra iclasda zərərçəkmiş qismində BMCMİ-nin əməkdaşı Həmzə Zahidov ifadə verib. O, əməliyyat zamanı Ramin Yarıyevi zərərsizləşdirdiyini, onun əlində bıçaq olduğunu, üzərindən qumbara çıxdığını deyib.
O, hadisə zamanı mənəvi zərər çəkdiyini, R. Yarıyevin ona xəsarət yetirmədiyini də bildirib.
Proses günün ikinci yarısında davam edəcək.
Qeyd edək ki, T. Bağırov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb.
AXCP sədrinin müavini F. Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.
Mediainfo.az

















.jpg)
.jpg)
.jpg)










































































