
“Nardaran işi” üzrə məhkəmə prosesi davam etdirilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Üzeyir Salahov ifadə verib.
O bildirib ki, Taleh Bağırovla bağlı idarəyə daxil olmuş məlumat əsasında Nardaranda əməliyyat keçiriblər. Şahidin sözlərinə görə, əməliyyat zamanı evdən onlara atəş açılıb.
Atışma zamanı Fərayil Bünyatovu zərərsizləşdirib: "Onun gülləsi bitmişdi. Mən onu tərkisilah edəndə gördüm ki, yaralanıb. Biz ona ilkin tibbi yardım göstərdik və xəstəxanaya göndərdik".
Prokurorun suallarını cavablandıran şahid bildirib ki, Taleh Bağırovun olduğu evin həyətində barrikada qurulduğunu, kimlərinsə orda gizləndiyini görüb.
Ü. Salahov da atəş gələn tərəfə atəş açdığını deyib.
Bildirib ki, oraya kimisə öldürmək məqsədi ilə getməyiblər.
Daha sonra ondan zərər çəkib-çəkməməsini soruşublar. Şahid mənəvi zərər çəkdiyini deyib.
İclas günün ikinci yarısında davam edəcək.
Qeyd edək ki, T. Bağırov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb.
AXCP sədrinin müavini F. Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.
Mediainfo.az