Yəmənin müdafiə nazirinin avtomobil karvanı partladıldı
Yəməndə silahlılar ölkənin müdafiə nazirinin maşın karvanı keçərkən fuqas partladıblar. Nazirin özü xəsarət almasa da, cangüdənlərindən ikisi ölüb, dördü yaralanıb. Məlumatı "Reuters" agentliyi yayıb.
Hadisə general Məhəmməd Nasir Əhmədin ölkənin cənubunda hökumət qoşunlarının silahlı qruplaşmalarla mübarizə apardığı Abyan əyalətinə səfəri zamanı baş verib. Yəmən hökumətinin nümayəndəsinin sözlərinə görə, silahlıların hədəfi məhz müdafiə naziri olmayıb.
Abyan əyalətinin inzibati mərkəzi Zincibarda döyüşlər mayın sonlarından davam edir. O vaxt "Əl Qaidə" ilə bağlılığı olan yüzlərlə silahlı şəhərə soxulmuş və hökumət qoşunlarını oradan çıxarmışdı. Yəmən ordusunun aviasiya, artilleriya və ağır zirehli texnikanın köməkliyi ilə şəhəri mühasirəyə almaq cəhdləri hələlik uğur gətirməyib.
"Əl Qaidə"nin Yəməndəki "Ərəb yarımadasında "Əl Qaidə"" adlı özəyi regionda və dünyada ən fəal qruplaşmalardan sayılır. Bu qruplaşmanın liderləri 2010-cu ilin noyabrında Birləşmiş Ərəb Əmirliklərində yük təyyarəsinin qəzaya uğraması və London yaxınlığına bağlamalarda partlayıcı qurğuların göndərilməsinə görə məsuliyyəti öz üzərlərinə götürmüşdülər.
Yəməndə silahlılarla mübarizəni fevraldan davam edən hökumət əleyhinə etirazlar da mane olur. Qərb KİV-inin məlumatına görə, prezident Əli Abdulla Salehin istefası tələbi ilə keçirilən aksiyalar zamanı yüzlərlə adam ölüb. Prezidentin özü isə iyunun əvvəllərində hücuma məruz qalaraq, qəlpə yaraları və yanıq xəsarətləri alıb. Əli Abdulla Saleh o vaxtdan Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda müalicə olunur.
Müdafiə Nazirinin özünün müdafiəyə ehtiyacı oldu.
Tofiq Əliyev
O.M.