ANS-in taleyi iyulun 29-da həll ediləcək

ANS-in taleyi iyulun 29-da həll ediləcək

26 İyul 2016 10:37
Bəyəndim (0) Bəyənmədim (0)

Mais Məmmədov "proseslərdən xəbərsizəm, rəsmi məzuniyyətdəyəm" deyir

ANS Müstəqil Yayım və Media Şirkətinin fəaliyyətinin dayandırılması və bu istiqamətdə davam edən proseslər hər gün dəyişir. Son olaraq şirkətin Milli Televiziya və Radio Şurasının (MTRŞ) "ANS Müstəqil Yayım və Media" Şirkətinin fəaliyyətinə xitam verilməsi (lisenziyanın ləğvi) barədə məhkəmə iddiasına baxılacaq tarix açıqlanıb.

"Report"un Bakı Apelyasiya Məhkəməsinə istinadən yaydığı xəbərə görə, bu iddia üzrə hazırlıq iclası iyulun 29-na təyin edilib.

İşə hakim Ülvi Mayılovun sədrliyi ilə baxılacağı bildirilir.

MTRŞ iyulun 18-də "ANS Müstəqil Yayım və Media" Şirkətinin yayımının 1 ay müddətinə dayandırılması haqda qərar verib.

Qurum bu qərarı Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına görə lisenziyasını alıb.

Daha sonra MTRŞ "ANS Müstəqil Yayım və Media" Şirkətinə televiziya yayımından ötrü verilmiş lisenziyanın ləğvi məsələsi ilə bağlı Bakı Apelyasiya Məhkəməsinə müraciət edib.

"Yeni Müsavat"a açıqlamasında ANS prezidentinin köməkçisi Mais Məmmədov bildirdi ki, hazırda rəsmi məzuniyyətdədir. Ona görə də ANS-də baş verən proseslərdən və ümumən proseslərdən xəbərsizdir: "Bilmirəm, heç nə ilə bağlı məlumatlı deyiləm. Məzuniyyətim bitsin, sonra danışarıq".

Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli isə daha öncə publika.az-a açıqlamasında deyib ki, artıq Milli Televiziya və Radio Şurası ANS şirkəti ilə bağlı lazım olan bütün sənədləri məhkəməyə təqdim edib: "Biz ANS televiziya kanalı və şirkətə daxil olan digər strukturlarla bağlı fikrimizi dəfələrlə bildirmişik. Artıq Milli Televiziya və Radio Şurası ANS şirkəti ilə bağlı lazım olan bütün sənədləri, həmçinin ittiham ərizəsini məhkəməyə təqdim edib. Hazırda bu istiqamətdə məhkəmə iş aparır. İnanıram ki, məhkəmə də bu istiqamətdə araşdırma aparıb, hüquqi qiymət verəcək. Biz, sadəcə olaraq, öz səlahiyyətlərimiz çərçivəsində üzərimizə düşən işi görmüşük".

N.Məhərrəmli ANS radiosunun yayımının dayandırılmasının səbəblərinə də toxunub: "ANS radiosunun bağlanılması tam qanuna uyğun addımdır. Bilirsiniz ki, mövcud qanunvericiliyə görə, hər hansı televiziya və ya radio qurumunun bir il ərzində 3-dən çox məsuliyyət tədbiri varsa, onun bağlanılması ilə bağlı Milli Televiziya və Radio Şurasının hüququ və səlahiyyətləri vardır. Ona görə də biz öz hüququmuzdan istifadə edərək, ANS radiosunun yayımını dayandırmışıq. Onu da qeyd edim ki, ANS-in 161 min manata qədər cəriməsi var. Çox təəssüf ki, bu cərimə hələ də ödənilməyib. Bu cərimə ödənilən halda belə ANS radiosunun yayımı bərpa olunmayacaq. Artıq biz bu hüquqdan istifadə etmişik. Cərimə isə əlavədir".

Xatırladaq ki, 18 iyul 2016-cı il saat 18:30-dan etibarən Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının qəbul etdiyi qərara əsasən "ANS Müstəqil Yayım və Media" Şirkətinin, həmçinin telekanalla birlikdə "ANS ÇM" radiosunun fəaliyyəti dayandırılıb. Buna səbəb ANS-in ABŞ-dakı əməkdaşının Türkiyədə hakimiyyət çevrilişinə rəhbərlik etməkdə şübhəli bilinən Fətulla Güləndən müsahibə alaraq, həmin müsahibəni yerli və xarici KİV-lər vasitəsilə anons etdirməsi olub.

Mediainfo.az