Bu bina sahibsizdir- şirkətin rəhbəri məhkəmə zalından qaçıb, sakinləri isə zülm çəkir - FOTOLAR

Bu bina sahibsizdir- şirkətin rəhbəri məhkəmə zalından qaçıb, sakinləri isə zülm çəkir - FOTOLAR

22 İyul 2016 11:35
Bəyəndim (0) Bəyənmədim (0)

150 ailənin yaşadığı binanın işığı 17 min manatlıq cəriməyə görə kəsilib. Bu cərimə isə bina sakinlərinə yox, binanın komendantına yazılıb. Səbəb olaraq isə binaya qanunsuz olaraq eketrik xəttinin çəkilməsi göstərilib. Bu gün səhər saat 10-da elektrik enerjisinin verilişi dayandırılan binanın sakinləri də narazı qalıblar.

Sakinlər deyiblər ki, belə isti havada, 15 mərtəbəli binanın işığının kəsilməsi onları çətin vəziyyətdə qoyub.

Xətai rayonu, X.Məmmədov küçəsində yerləşən və "Birlik İnşaat" MMC tərəfindən inşa edilən binada olarkən sakinlərlə söhbət edib, problemlərini ətraflı şəkildə dinlədik.

Əvvəlcə onu qeyd edək ki, 2009-cu ildə inşa edilən bu binanın əzəldən başı bəlalı olub. 210 mənzili olan binadakı 129 ev 543 nəfərə satılıb. İndi də həmin mənzillər boş olaraq alır. Şirkətin təsisçisi və sədri Tağıyev Elman Həsənqulu oğlu yol verdiyi bu qanunsuz əməllərə görə 2011-ci ildə həbs edilib. O, "Hayan E" MMC, "Xəmsə" MMC kimi tikinti şirkətlərinin rəhbəridir və həmin tikinti şirkətlərində də alıcılarla eyni problemləri yaşayıb. 2011-ci ildə barəsində 3 aylıq həbs qərarı çıxarılan E.Tağıyev 2014-cü ildə məhkəmənin qərarı ilə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalından qaçıb. 2015-ci ildən isə barəsində axtarış elan olunub. Onun 4 qardaşı da tikinti sektorunda çalışır. Baş Prokurorluqda zərərçəkmişlərin problemləri dinlənilərkən E.Tağıyevin qardaşları sakinlərin problemlərini həll edəcəklərini öhdələrinə götürüblər. Lakin problemlər olduğu kimi qalır.

Qayıdaq binadakı problemlərə. Başıbəlalı bina yeni tikilmiş hesab edilsə də, ətrafda olan 40-50 ilin binalarından seçilmir. Blokları, zirzəmisi təmirsiz, bəzi mənzilləri sahibsiz qalan bu binada elektrik xətləri sakinlərin hesabına çəkilib.

Yaşayış üçün tam yararlı olmayan bu binanın sakinləri deyirlər ki, sahibsiz qalan binaya kiminsə sahib çıxacağı günü səbirsizliklə gözləyirlər. Ümid edirlər ki, bəlkə bu zaman problemləri həll edilər.

Bina sakini Qətibə Bayramova problemlərini belə danışır: "15 mərtəbəli binadır. İşığı səhərdən kəsiblər. Deyirlər ki, qanunsuz xətt çəkilib. Buna görə də 17 min manat cərimə yazılıb. Bu binaya gələn xəttə ümumi sayğac qoyublar. O da binadan aralıda, bağlı yerdədir. Bütün mənzillərdə də sayğac var. Heç kimin də borcu yoxdur. İndi gəlib ümumi xəttən işığı kəsiblər. Deyirlər ki, komendat qanunsuz xətt çəkib və buna görə də cərimə yazıblar. Axı bu xətti həmin bağlı yerdən komendat necə çəkə bilər? Əvvəlcədən razılaşıblar ki, çəkilib. İndi "Azərişıq"ın işçiləri pulun ala bilmir deyə cərimə yazıblar. Cəzasını da bütün sakinlər çəkir. Binada 150 ailə var. Öz hesabımıza aldığımız lift də işləmir. Xəstə, qoca, uşaq var. Bunları nəzərə alan yoxdur".

Problemin həlli üçün sakinlər bu gün Xətai rayon işıq idarəsinə yollanıblar. Qarşılaşdıqları problemdən narazı olan sakinlər elə işıq idarəsində də gördüklərindən narazı qalıblar.

Q.Bayramaova deyir ki, idarənin rəisi olmadığından onları rəsi müavini qəbul edib: "15 nəfər getmişdik. İdarə rəisi məzuniyyətdədir. Bizi rəis müavini Sahib müəllim qarşıladı. Əvvəlcə bizi buraxmadı, sonra mühafizəçilərlə 3 nəfəri qəbul elədi. Oturub kondisionerli otaqda, televizora baxır. Söz deyəndə də deyir ki, "yavaş danışın". Elə bil bunun qapısına gəlmişik. Dedi ki, heç nə edə bilməz. 17 min cərimə yazıldığını 10 min verəcəyimiz halda işığı verəcəklərini dedi. Sonra 5 minə düşdü. Biz razılaşmadıq. Komendant da dedi ki, səhv onundur. Borcu ödəmək üçün vaxt istədi. Ancaq dinləyən olmadı. Sahib müəllim 17 minlik işi 5 minə necə "həll edəcək" maraqlıdır".

Günlərinin gün olmadığını deyən sakinlər borclarının olmadığı halda işıqlarının kəsilməsindən narazıdırlar. Ancaq nə edəcəklərini bilmirlər.

Bina sakini Kamilə İsmayılova deyir ki, işığı kəsməyə gələnlər komendata deyiblər ki, 5 min ver cəriməni aktlaşdırmayaq. Sakinlərin bəziləri bu söhbətə şahidlik ediblər. Ancaq komendat vaxt istədiyindən, pulu indi ödəyə bilməyəcəyindən işığı kəsiblər.

"Bu əvvəlcədən olan bir iş idi. Qanunsuz xəttin çəkilməsindən "Azərişıq"ın işçiləri də məlumatlı idi. Hər ay haqqını alırdılar. Ancaq iki aydır pul ala bilmədilər deyə belə başımıza belə bir oyun açdılar. Binada xəstə var, körpəli ailələr var, yaşlılar var. Bu istidə evlərdə necə qalmaq olar? Kafedə çay içirik. Qonşulardan biri xəstə uşağını səhərdən kondisioner var deyə kafedə saxlayır"- deyə sakin narazılığından danışarkən deyir.

Bina sakinləri komendantın Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən "Birlik İnşaat" rəhbərliyinin yoxa çıxamasından sonra təyin edildiyini deyirlər. Komendatdan narazı olmadıqlarını söyləyən sakinlər binada yarıda qalan xeyli işin onun sayəsində görüldüyünü bildirirlər. Lakin haqqında danışılan problemin səbəbkarı olan komendat məsələnin həlli üçün "Azərişıq"dan vaxt istəyib. Ancaq bu razılıq bad tutmayıb.

"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bir neçə dəqiqə ərzində problemin aradan qaldırılacağı bildirdi və belə də oldu. Biz orada olduğumuz ərəfədə əraziyə gələn "Azərişıq" ASC-nin əməkdaşları problem aradan qaldırmağa başladılar.

T.Mustafayev məsələnin köklü həlli üçün sakinləri və komendantı Xətai rayon işıq idarəsinə gəlməyi və aktlaşdırılan cərimənin ödənilməsi üçün razılıq əldə etməyə dəvət etdi. Sakinlərlə kobud rəftar edən ASC əməkdaşları barədə də tədbir görüləcəyini deyən T.Mustafayev bu barədə sakinlərin məlumat verməsinin lazım olduğunu söylədi. (musavat)

Mediainfo.az