Azərbaycan qəzeti "Space"i qaradərili aparıcıya görə tənqid etdi
Rəsmi "Azərbaycan" qəzeti "Space" televiziya kanalında hava proqnozunu qaradərili qadının təqdim etməsi barədə məqalə dərc edib.
"Afrikadan gəlmiş "Azərbaycan gözəli":
Bir gün sağsağanın zövqünü yoxlamaq üçün ona dünyada ən gözəl bildiyi quş balasını tapıb gətirməyi tapşırırlar. Rəvayətə görə sağsağan bütün dünyanı ələk-vələk edərək əldən-dildən düşür. Amma istədiyini tapa bilmir! Axşam tərəfi kor-peşman yuvasına qayıdanda "evrika" deyib sevinir! Sən demə, dünyada onun balasından gözəli yox imiş!
Elə balasını da aparıb nümunə kimi göstərir!
Bu əhvalatda böyük bir həqiqət var: hərə özününkünü gözəl sayır!
Bəs biz?!
Televiziya yalnız informasiya vermir, maarifləndirmir, əyləndirmir! O həm də nümunə göstərir, tərbiyələndirir, yüksək zövq aşılayır (yaxud aşılamalıdır).
Hər bir televiziya ekranı həm də məxsus olduğu millətin aynasıdır. Orada təkcə milli-mənəvi dəyərlər təbliğ olunmur, eyni zamanda, zahiri əlamətlər də yer alır. Məsələn, Azərbaycan məkanındakı telekanalların ekranına baxmaqla Azərbaycan qadınının gözəlliyini duymaq, yaxud Azərbaycan kişisinin xarakterik cizgilərini asanlıqla sezmək olur.
Adətən, ictimai-siyasi, yaxud elmi-mədəni proqramlar (şou proqramlarında hər şey keçir) üçün gözəllik etalonumuza yaxın qadın aparıcılar tapmaq çətinlik törədir. Hava haqqında məlumatı səsləndirməkdən ötrü isə (gün çıxacaq, yaxud külək əsib yağış yağacaq demək üçün) elə bir xüsusi bilik və ciddi hazırlıq tələb olunmur. Odur ki, hava proqnozlarını səsləndirməyi gözəlliyi daha qabarıq olanlara etibar edirlər. "Space" telekanalı (adı da "importnı"dı ey!) bu niyyətlə maraqlı "yeniliyə" imza atıb. Qaradərili "afrikalı"ya (bizim onun dərisinin rənginə heç bir etirazımız yoxdur, demokratik düşüncəliyik) Azərbaycanda havanın necə olacağını və nə sayaq dəyişəcəyini deməyi etibar edib!
Gözəl tapıntıdır, deyilmi?!
"Afrikalı gözəl" azərbaycanca danışır!
Adam son dərəcə xoşbəxtlik duyğuları yaşayır...
Adını və soyadını heç cürə yadımızda saxlaya bilmədiyimizə görə, üzr istəyirik, yazıb sizə də çatdıra bilmirik...
"Space"nin rəhbərliyi "keyf bizimdir, kimi istəsək, aparıcı seçə bilərik" - deyə bilərlər. Doğrudur, lakin başqa bir həqiqət də var. "Space" məhdud dairədə yayılan qapalı kanal deyil. Ekran isə həmişə ictimai mahiyyət daşıyır! Seçimdə bu məqam nəzərə alınmalıdır!
İndi tamaşaçını nəyləsə təəccübləndirmək də çox çətindir. Yaponlar elə robotlar düzəldib nümayiş etdirirlər ki, adamın ağzı açıq qalır!
Yenə də olsun!
Əgər "Space"çilər bununla həm də tamaşaçıları təəccübləndirmək istəyirdilərsə, rahat nəfəs ala bilərlər. Bu onlara müyəssər oldu!
Bizi də əməlli-başlı təəccübləndirdilər:
* zövqsüzlükləri ilə;
* Azərbaycan qadınının gözəlliyinə biganəlikləri və dönüklükləri ilə;
* ən nəhayət, Azərbaycan dilinə hörmətsizlikləri ilə!
O yazıq "Afrika gözəli"nin dili də söz tutmur axı!
Mübarəkdir!
Çox uğurlu yaradıcılıq "tapıntısına" görə təbrik edirik!
Mediainfo.az