"Oxu Məni" xeyriyyə marafonu start götürdü

"Oxu Məni" xeyriyyə marafonu start götürdü

25 Avqust 2011 18:00
Bəyəndim (0) Bəyənmədim (0)
Oxucu "Oxu Məni"nin adı, gücü, ilham mənbəyidir

Gərək olmayasan ağıl möhtacı,

Olsan, bu dünyada əziyyətin var.

Qaldırsan şikəsti, doydursan acı,

Sanarsan Məkkəyə ziyarətin var.

"Oxu Məni" qəzeti gənclərlə bərabər yaşlı nəsil nümayəndələrinin də sevə-sevə oxuduqları qəzetdir. Sosial problemləri ilə bağlı acınacaqlı həyat tərzi yaşayan insanların taleyini əks etdirən yazılarım oxucular arasında geniş müzakirəyə səbəb olur. Məqalələr dərc olunandan sonra demək olar ki, əksəriyyət hallarda oxucularımız və xeyirxah insanlar tərəfindən onlara maddi köməkliklər olunur. Hətta heç bir mətbuatla maraqlanmayan insanlar da bizə müraciət edərək problemlərini qəzetimizlə bölüşürlər. Sevindirici hallardan biri də odur ki, artıq insanlar "Oxu məni" qəzetinə bir nicat mənbəyi, ümid ocağı kimi baxırlar. Bunu nəzərə alaraq, bizə üz tutan imkansız və köməksiz insanlara yardım məqsədilə xeyriyyə marafonu təşkil etdik. Az bir vaxtda bu marafona çox sayda oxucularımız dəstək oldu. Marafonumuz hal-hazırda da davam edir və bu xeyriyyəçiliyə dəstək olan oxucularımızın sayı getdikcə artmaqdadır.

Avqust ayının 22-də marafona dəstək olmaq üçün bir qrup oxucular redaksiyaya gələrək öz maddi köməkliklərini etdilər. Marafon yekunlaşandan sonra yığılan ümumi məbləğ oxucuların öz iştirakı ilə aidiyyəti ünvanlara paylanacaq. Əziz oxucu, sən də bu xeyirxah əmələ qoşula bilərsən. Unutmayaq ki, dəryadan damla götürməklə dəryanın suyu azalmır. Ancaq həmin damla hansısa susuz dodağa həyat və şəfa verə bilər. Dərd bölüşəndə azalır, sevinc paylananda artır - prinsipini əsas tutaraq bizə müraciət edən hər bir kəsə kömək etməyə hər zaman hazırıq. Dərdiniz varsa, bizə söyləyin, unutmayın ki, Sizin "Oxu Məni" kimi sirdaşınız var.

Ramazan ayımız savablarla dolu olsun!

İsa Rəvan

O.M.