Gülhanə Hərbi Tibb Akademiyasının Ali Tibb Fakültəsinə kursantların qəbulu başladı

Gülhanə Hərbi Tibb Akademiyasının Ali Tibb Fakültəsinə kursantların qəbulu başladı

18 İyul 2016 10:48
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində bağlanmış müqaviləyə əsasən, 2016/2017-ci tədris ilində Gülhanə Hərbi Tibb Akademiyasının Ali Tibb Fakültəsinə kursantların qəbulu üçün müsabiqə elan olunub.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından KİV-ə verilən xəbərə görə, müsabiqədə 2016-cı ildə mülki ali məktəblərin IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 600‑dən yuxarı bal toplamış, 19 yaşınadək olan oğlan abituriyentlər iştirak edə bilərlər. Müsabiqə əsasında 20 nəfərin siyahısı müəyyənləşdirilərək seçim üçün Azərbaycanın Müdafiə Nazirliyinə təqdim olunacaq. Seçim zamanı uğur qazanmış 10 nəfər namizədin Gülhanə Hərbi Tibb Akademiyasına təhsil almağa göndərilməsi planlaşdırılır.

Türkiyə Respublikasının Gülhanə Hərbi Tibb Akademiyasının Ali Tibb Fakültəsində təhsil müddəti 6 ildir. Kursantlar təhsil müddətində dövlət təminatında olurlar. 1-ci kursda kursantlar hərbi and içir və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları sırasına daxil edilir. Fakültədən xaric edilən kursantlar geri qaytarılır və qanunvericilikdə nəzərdə tutulmuş qaydada müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Müsabiqədə iştirak etmək istəyənlər iyulun 27-dək Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1m) müraciət etməlidirlər.

Mediainfo.az