Binəqədidəki yanğınla bağlı tutulanlar özlərini təqsirli bilməyiblər

Binəqədidəki yanğınla bağlı tutulanlar özlərini təqsirli bilməyiblər

11 İyul 2016 14:52
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə heyətinin üzvü Rasim Sadıqov məzuniyyətdə olduğu üçün onu digər hakim Samir Əliyev əvəzləyir.

Təqsirləndirilən Qəzənfər Novruzovun vəkili Nüşabə Ağayeva bildirib ki, müdafiə etdiyi şəxsin səhhəti ağırdır: "Bu gün məhkəməyə təcili tibbi yardım çağırıldı. Ona xəstəxanaya getmək təklif olunsa da, prosesin pozulmaması üçün imtina etdi. Xahiş edirəm ki, tibb müəssisəsinə yerləşdirilsin".

Təqsirləndirilən Miryusif Mahmudovun vəkili İlhamə Həsənova texniki vasitələrin məhkəməyə gətirilməsini istəyib. Digər vəkil Şahmar Məmmədov isə prosesin audio yazısının aparılmasını xahiş edib. Məhkəmə N. Ağayevanın vəsatətin təmin edib, digərlərini isə baxılmamış saxlayıb. Daha sonra məhkəmə istintaqı başlayıb. Dövlət ittihamçısı Fərid Nağıyev ittiham aktını elan edib. Təqsirləndirilən şəxslər özlərini təqsirli bilmədiklərini deyiblər. Proses iyulun 12-də davam edəcək.

Qeyd edək ki, ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan "poliuretan" məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Yusif Mahmudov, "Qlobal Stone" MMC-nin baş direktoru Uğur Bəşirov, "Global Construction" MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov, Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, cinayət işinə "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cəlb edilib. Onlar barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Mediainfo.az