VİDEO-Binəqədi rayonunda kasıbların evləri dağıdılır

VİDEO-Binəqədi rayonunda kasıbların evləri dağıdılır

18 Avqust 2011 16:05
Bəyəndim (0) Bəyənmədim (0)
Villalarasa dəyib-dolaşan yoxdur

Redaksiyamıza ağlayaraq daxil olan Sveta adlı xanımın başına gətirilən hadisəyə biganə qala bilməzdim. Onun tükürpərdici taleyinə inana bilməyib yaşadığı yerə getmək və gözlərimin şahidi olmaq qərarına gəldim. Sveta xanımı sakitləşdirdikdən sonra onunla birlikdə redaksiyadan çıxdıq və birbaş hadisə yerinə - Binəqədi rayonu 3-cü mədən adlı əraziyə yollandıq.

Bu ərazidə bələdiyyənin verdiyi sənədə əsasən sığınacaq uçun tikilmiş balaca bir evin hasarları tamamilə uçurulub dağıdılmışdı. Söhbətdən məlum oldu ki, tək Sveta xanım yox, bır neçə imkansız ailələr də belə söküntüyə məruz qalıblar. Diqqəti cəlb edən yaraşıqlı evlərə isə heç əl də dəyilməmişdi. Səbəbini soruşduqda sanki dərdləri açıldı. Sən demə, hər dəfə rəhbərliyi qanun yox, pul maraqlandırırmış. Belə ki, 2007-ci ildə Sveta xanım hazır tikilisi olan evi aldığı halda 2010-cu ildə ərazini hasara almaq istəyərkən ondan pul istəyiblər. Rəşad adlı 3-cü mədən rəisi 1000 manatla razılaşmayıb 600 manat da əlavə etməklə Sveta xanıma hasarın tikilməsi üçün razılıq verib. Bir il sonra Rəşadı Azad adlı birisi əvəz edib. Bu dəfə imkanı olmayan Sveta xanımın tikintisi uçuruma məruz qalıb.

Sveta xanım hara şikayət edirsə, ona hədə-qorxu gəlirlər. Sən demə, 3-cü mədənin işçiləri bır qrup qolu zorlu adamlarla gələrək sakinlərin evlərini uçurarkən onlara mane olanlara zor tətbiq edirlər. Zərərçəkmişlərin içərisində bır hamilə qadın da döyülərkən öz övladını itirib. Bu vəhşiliklərə dözməyib üz tutdum 3-cü mədənə. Məni qapıda polis patrulları elə qarşıladılar ki, elə bildim düşmən torpağındayam. Mən onlardan Azad müəllimlə görüşməyimə şərait yaratmaqlarını xahiş etdim. "Yoxdur!" dedilər. Telefon nömrəsini istədikdə daha da kəskin cavab verdilər. Sözlərindən belə çıxdı ki, ərazilərdə kimə nə olursa olsun, müdiriyyətə zəng etməyə icazə verilmir və yalnız özlərinə lazım olarsa, Azad müəllimlə əlaqə saxlaya bilərlər. . Mən təkid edərək müavinlərdən biri ilə görüşmək istədim. Polis içəri keçib kimisə çağırdı. Hündürboy birisi gəlib mənə yaxınlaşaraq vəsiqəmi istədi. Təqdim etdim. Vəsiqəni özü ilə aparıb bir neçə dəqiqədən sonra geri qayıtdı. Kiminlə danışdığımı soruşduqda özünü rəis müavini kimi təqdim etdi və ərazilərində baş verən hadisələrə təxminən bu cür aydınlıq gətirdi:

"Bu barədə Dövlət Neft Şirkətinin prezidentinin xüsusi sərəncamı var ki, həmin ərazidə yeni salınmış tikililər sökülsün." Mənim "bəs villalar niyə sökülmür" sualıma həmsöhbətimin cavabı qəribə oldu: "O evlər çoxdan tikilib."

Maraqlıdır, ən yeni texnologiya və materiallarla inşa edilən villalar neçənci ilə aid ola bilər? Əgər tikililər ümumi işə mane olursa, onda niyə kiçik evlər söküldüyü halda, daha böyük ərazilərə və tikililərə malik olan villalar sökülmür? Və ya söküntü haqda qərar 1 il əvvəl verilibsə, nə üçün Sveta xanımın evinin bir neçə il əvvəl tikilməsi nəzərə alınmır? Necə olur ki, qanunlar qanunsuzluqla həyata keçirilir? Suallar çox idi, amma məntiqli cavabları tapılmırdı.

Onu da qeyd edim ki, rəis müavini fikirlərini kamera qarşısında bildirməkdən imtina etdi. Mən heç nə söyləmədən geri döndüm. Anladım ki, 4-cü hakimiyyətin nümayəndələri jurnalistlər deyil, vəziyyətə hakim olan məmurlardır.

Odur ki, əlimdən yalnız bir şey gəlirdi - dağılmış evlərin sakinlərinə Tanrıdan kömək diləmək...

Mehriban Bəylərqızı

O.M.