Məşhur şirkətin direktoru şirkətə dəymiş ziyanı tələb edib

Məşhur şirkətin direktoru şirkətə dəymiş ziyanı tələb edib

21 Aprel 2016 13:56
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən "S.A.B.A .şirkəti" MMC-nin baş mühasibi Taleh Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Prosesə hakim Faiq Qəniyev sədrlik edib. Prosesdə təqsirləndirilən şəxs və "S.A.B.A şirkəti" MMC-nin direktoru Əvəz Səfərli ifadə verib.

T.Rəhimov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. Hal-hazırda pulunun olmadığını, gələcəkdə mənimsədiyi pulları geri qaytaracağını deyib.

"S.A.B.A. şirkəti" MMC-nin direktoru Ə.Səfərli isə şirkətə dəymiş ziyanı tələb edib. O, təqsirləndirilən şəxsin ödəniş etməyə cəhd göstərməsindən sonra güzəştə gedə biləcəyini deyib.

Məhkəmə prosesi aprelin 28-də davam etdiriləcək.

Qeyd edək ki, "S.A.B.A şirkəti" MMC-nin direktoru Əvəz Səfərli Binəqədi Rayon Prokurorluğuna müraciət edib. O, şirkətdə 174 min 504 manatlıq maliyyə çatışmazlığı aşkarlandığını deyib. Daha sonra "S.A.B.A şirkəti" MMC-nin baş mühasibi Taleh Rəhimov şirkətin 174, 5 min manatını mənimsəməkdə şübhəli bilinərək saxlanılıb.

O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur. Xatırladaq ki, "S.A.B.A. şirkəti" MMC 2000-ci ildən istehsal fəaliyyətinə başlayıb. Şirkət "Millennium" ticarət nişanlı dondurmaların istehsalı və satışını həyata keçirir. Şirkətin Azərbaycanın bütün regionlarında nümayəndəlikləri var.

İnarə Rafiqqızı