Tapdıq Babaşovun ölüm işi ilə bağlı zərərçəkmişlər dindirildi

Tapdıq Babaşovun ölüm işi ilə bağlı zərərçəkmişlər dindirildi

20 Aprel 2016 16:19
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Hərbi Məhkəməsində Fövqəladə Hallar Nazirliyinin Biləcəridəki hərbi hissəsində dünyasını dəyişmiş əsgər Tapdıq Babaşovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Prosesə hakim Müslüm Əliyev sədrlik edib. Prosesdə zərərçəkmiş şəxslər və şahidlər dindirilib.

Məhkəmə prosesi mayın 4-də davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına üç nəfər - Cəmil Ağayev, Elməddin Babayev və Ruslan Cavadov çıxarılıb. Onlar həmin hərbi hissənin əsgərləri olublar.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma), 331-ci (hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə) və 332-ci (tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddələrilə ittiham irəli sürülüb.

Cinayət işinin materiallarına görə, onlar digər əsgərləri döyüb, təhqir ediblər, bu hərəkətləri ilə Tapdıq Babaşovu intihar həddinə çatdırıblar.

Biləcəridəki sözügedən hərbi hissənin 50 əsgəri də zərərçəkmiş qismində tanınıb. İş materiallarına əsasən, təqsirləndirilən şəxslər hərbi hissədə onları da döyüb, təhqir ediblər.

Xatırladaq ki, Tapdıq Babaşov ötən ilin mayın 22-də Biləcəridəki H saylı hərbi hissədə naməlum şəraitdə dünyasını dəyişib. Cinayət işinin materiallarına görə, əsgər özünü hərbi hissənin üçüncü mərtəbəsindən ataraq intihar edib. Atasını vaxtsız itirən T.Babaşov ailənin yeganə oğlan övladı olub, BDU-nun tarix fakültəsini qırmızı diplomla bitirib. Ölümündən bir ay öncə, aprelin 22-də Qobustan rayon hərbi komissarlığı tərəfindən xidmətə çağırılıb.

İnarə Rafiqqızı