Avtomobillə 9 yaşlı uşağı öldürən şəxsin cəzası yüngülləşdi

Avtomobillə 9 yaşlı uşağı öldürən şəxsin cəzası yüngülləşdi

13 Aprel 2016 15:33
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Apellyasiya Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Nurlan Fərhadov barəsində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə yekunlaşıb.

Hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Hakimlər kollegiyasının qərarına əsasən N.Fərhadovun cəzası 9 ildən 8 ilə endirilib.

Qeyd edək ki, keçən il aprelin 22-də Hövsan qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Elmar Ağayev vurulub və o, hadisə yerində ölüb. Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 30-cu Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən "Toyota" markalı avtomobilin sürücüsü, Hövsan qəsəbə sakini N.Fərhadov saxlanılıb. Qəzada ölən piyadanın 9 yaşı var və o, orta məktəbin 3-cü sinif şagirdi olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Fərhadov 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Mediainfo.az