15 saylı cəzaçəkmə müəssisəsinə başçəkmə keçirilib

15 saylı cəzaçəkmə müəssisəsinə başçəkmə keçirilib

8 Aprel 2016 14:12
Bəyəndim (0) Bəyənmədim (0)

Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri ƏN Penitensiar Xidmətinin 15 saylı cəzaçəkmə müəssisəsinə (CÇM) əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçiriblər.

Ombudsman Aparatının mətbuat xidmətindən verilən xəbərə görə, MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı müəssisənin tibb-sanitar hissə, karantin otağı, cərimə təcridxanası, görüş yerləri və digər obyektlərinə baxış keçirilib.

Eyni zamanda, saxlanılma şəraiti, qidalanma, içməli, isti və soyuq su təminatı, tibbi yardım, sovqat, gəzinti, görüş və telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə, habelə əvvəlki başçəkmələr zamanı verilmiş tövsiyələrin icrası üzrə görülmüş işlər yerində araşdırılıb.

Başçəkmə çərçivəsində MPQ üzvləri tərəfindən həmin müəssisədə çoxsaylı məhkumlar fərdi qaydada dinlənilib, habelə bir sıra şəxslər öz xahişləri ilə təkbətək qəbul edilib, müraciətləri yerində araşdırılıb. Ümumilikdə isə, qəbul olunmuş məhkumlar saxlanılma şəraitindən və rəftardan şikayət etməyiblər.

Qəbul zamanı məhkumlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah edilib, hər birinə qaldırdıqları məsələlərlə bağlı hüquqi məsləhətlər verilib.

Başçəkmənin yekununda müəssisə rəhbərliyinə milli və beynəlxalq qanunvericiliyə, o cümlədən CÇM-lərin Daxili intizam qaydalarına müvafiq şəkildə saxlanılma şəraitinin, tibbi xidmətin və sənədləşmənin aparılması işinin daha da təkmilləşdirilməsi, xidmət əməkdaşlarının hüquqi maarifləndirilməsi tədbirlərinin sayının artırılması ilə bağlı tövsiyələr verilib.

Mediainfo.az