Rza Zerrabın şəriki hər şeyi etiraf edib - EDAM!
Son məhkəmə prosesində hər şeyi etiraf edən milyarder İran neftini dünya bazarına çıxardığını, əvəzində qızıl külçələr aldığını təfsilatı ilə danışıb.
Axar.az xəbər verir ki, azərbaycanlı milyarder Babək Zəncani şəriki Rza Zərrabın da məhz bu səbəbdən ABŞ-da həbs olunduğunu deyib.
Onun sözlərinə görə, 37 ildir İrana tətbiq olunan embarqo ölkəyə pul axınına ciddi maneə olub. Sabiq prezident Əhmədinejad nüvə proqramını yenidən başlatdığını elan etdikdən sonra ABŞ sanksiyaları artırmış, Tehranın neft ixrac etdiyi ölkələrə təzyiq vasitəsinə çevrilmişdi.
Enerji nəhəngi olan İran dünya neft ehtiyatına görə 4-cü, təbii qaz ehtiyatına görə isə ikinci yerdədir. Uzun müddətli müqavilələr səbəbindən təbii qaz ixracı embarqo siyahısına salınmasa da, cənub qonşumuzun neft ixracı dondurulmuşdu.
Artıq vəziyyət həddindən artıq pisləşdiyindən İran B planını işə salıb. Embarqo yalnız dövlətləri əhatə etdiyi üçün xüsusi şirkətlər üzərindən qeyri-qanuni yollarla neft satışına başlanılıb. Əhmədinejada yaxın şəxslərə dünyanın müxtəlif ölkələrində onlarla idxal-ixrac şirkəti yaratmaq tapşırığı verilmişdi.
Hazırlıqlar başa çatdıqdan sonra nəqliyyat sektorunda şirkətlər (Tanker donanması, hava nəqliyyatı və limanlar) satın alınıb, kiçik tankerlər İrandan nefti alıb Malayziya sahillərinə daşımağa başlayıb. Neft burada böyük tankerlərə ötürülərək Koreya-Sinqapur-Hindistan bazarına çıxarılırdı. Daha sonra dollarla alınan pul qızıl külçələrə çevrilərək Malayziya İslam Bankı başda olmaqla müxtəlif ölkələrdəki banklar vasitəsi ilə dövriyyəyə buraxılıb.
Sual olunur: Bəs bu tonlarla qızıl İrana necə qaytarılıb?
Dövriyyədə olan pulun miqdarı olduqca böyük idi. Zəncaninin məhkəməyə verdiyi məlumata görə, bəzən günə 2 milyon barrel (250 milyon dollar) neft satılırdı.
Söhbət illik 80-90 milyard dollar məbləğində puldan gedir. Bu qədər qara pulu dövriyyəyə buraxmaq dövlət üçün çox çətin idi. "Sarışın oliqarx" tək başına iki il ərzində 170 milyard dollarlıq pulu dövriyyəyə sala bilmişdi.
Zəncani ifadəsində qeyd etmişdi ki, bütün bu prosesdə onun qazancı cəmi 2 faiz olub.
Zəncani özünə məxsus hava yolu şirkətləri vasitəsi ilə Türkiyəyə daxil etdiyi qızılın-pulun çıxarılması zamanı türk səlahiyyətlilərə yüksək miqdarda rüşvət verdiyini etiraf edib. O, ifadəsində adını açıqlamaqla 3 türkiyəli nazirə 137 milyon dollar, komissiya adı ilə ümumilikdə 8,5 milyard dollar verildiyini bildirib.
Ölkənin ən pis günündə milyardlar gətirən bu şəxsin xəyanətdə ittiham edilməsi gülüncdür. Görünür, İran sanksiyalar zamanı qeyri-qanuni üsullarla ölkə xaricinə neft satan Zəncaniyə verdiyi böyük dəstəyin açılmasında maraqlı deyil və bu məşhur iş adamını onun bildiyi çoxsaylı sirlərlə birgə birdəfəlik o dünyaya göndərməkdə qərarlıdır.
Xatırladaq ki, Babək Zəncani 6 mart 2016-cı ildə edam cəzasına məhkum edilib.