Bakıda 700 kq at əti aşkarlanıb
Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin əməkdaşları əməliyyat məlumatları əsasında martın 31-dən aprelin 1-nə keçən gecə Qaradağ rayonundakı Dövlət Yol Polisi postunda Süleymanov Faiq Qərib oğluna məxsus avtomobili saxlayıblar.
KTN-nin mətbuat xidmətindən verilən məlumata görə, avtomobilə baxış keçirilərkən mənşəyinə və keyfiyyətinə dair heç bir baytarlıq sənədi olmayan 700 kq-a yaxın heyvan cəmdəyi aşkarlanıb. Cəmdəklərin qida üçün yararlı olub-olmamasını müəyyənləşdirmək məqsədilə baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək bakterioloji, biokimyəvi müayinələr üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
Respublika Baytarlıq Laboratoriyasının ekspertizasına əsasən yoxlanılan 17 nümunə heyvan ətinin hamısının at əti olduğu müəyyən edilib. Aparılan bakterioloji müayinə zamanı nümunələrdə bakterioloji çirklənmə (BÇQB, stafilakokkus, aureus) aşkar olunub. Biokimyəvi müayinələr (pH, peroksidaza və göydaş reaksiyaları) zamanı isə 17 nümunə ətin keyfiyyətsiz olduğu müəyyən edilib. Ət nümunələrinin baytarlıq-sanitariya cəhətdən tamamilə yararsız olduğu müəyyənləşdirilib.
Qeyd olunub ki, ətin qida üçün yararsız olması və baytarlıq-sanitariya tələblərinə cavab verməməsi nəzərə alınaraq onların zərərsizləşdirilməsinə qərar verilib.
Mediainfo.az