Düşmən təmas xəttində atəşi davam etdirməkdədir - MÜDAFİƏ NAZİRLİYİ
Cəbhə xəttinin Xocavənd-Füzuli və Ağdərə-Tərtər istiqamətlərində itirilmiş mövqelərinin geri alınmasının heç bir nəticə vermədiyini anlayan Ermənistan tərəfi qoşunların təmas xəttinə yaxın yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Məlumatda qeyd olunub ki, bu istiqamətdə düşmənin ən iri hərbi bazalarından biri sayılan, Ağdərə şəhərinə aparan əsas yol üzərində və onun şimalında yerləşən strateji baxımdan əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazanın qərargahı dəqiq zərbələrlə dağıdılıb.
Aprelin 4-də axşam saatlarında düşmənin müdafiə xəttində, mühəndis baxımdan hazırlanmış və dairəvi atəşətutma üçün səngərlərdə yerləşən 3 ədəd döyüş tankı heyətlə birlikdə atəş gücü vasitəsilə məhv edilib.
Cəbhənin Xocavənd-Füzuli istiqamətində yerləşən hərbi birliyimiz də qarşı tərəfin atəş vasitəsilə yaşayış məntəqələrimizə ziyan vurmaq təhlükəsini minimallaşdırmaq məqsədilə düşmənin 2 ədəd tankını heyətlə birlikdə və hərbi əmlakla dolu 5-dək təkərli texnikasını sıradan çıxarıb.
Ümumilikdə aprelin 4-ü gün ərzində və aprelin 5-i səhər saatlarınadək keçirilən əməliyyat tədbirləri və cavab atəş zərbələri nəticəsində ermənilər 70 nəfərədək canlı qüvvə sarıdan itkiyə məruz qalıb, 20-dək hərbi texnikası tam sıradan çıxarılıb.
Mediainfo.az