Taksi sürücülərinin nəzərinə! Yeni qaydalar çıxdı
Nazirlər Kabineti "Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamə"də dəyişiklik edib.
Əsasnaməyə əsasən Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması maddi-texniki baza və texniki metodiki tədris vasitələri ilə təmin olunmuş, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada razılıq almış, Nəqliyyat Nazirliyinin rəyi nəzərə alınmaqla Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi tərəfindən Vergilər Nazirliyindən alınmış məlumata əsasən uçota alınmış tədris müəssisələrində və kurslarda həyata keçirilir. Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və ixtisasının artırılması dövlət təhsil standartları əsasında Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi ilə razılaşdırılmış vahid tədris plan və proqramı ilə aparılır.
İndiyə qədər Əsasnaməyə əsasən taksi minik avtomobillərinin sürücüləri Nəqliyyat Nazirliyi tərəfindən peşə fəaliyyətinə və davranışına dair təsdiq olunmuş xüsusi proqram üzrə hazırlıq keçməli, habelə avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlar barədə zəruri biliklərə malik olmalı idilər. Dəyişikliyə əsasən bundan sonra taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçəcəklər. Taksi minik avtomobillərinin sürücüləri üçün xüsusi hazırlığın keçirilməsi qaydası, proqramı və müddəti Nəqliyyat Nazirliyi tərəfindən müəyyən ediləcək. Xüsusi hazırlıq Nəqliyyat Nazirliyi tərəfindən təşkil ediləcək və keçiriləcək. (apa)
Mediainfo.az