Əkrəm Əylisli hava limanında saxlanılmaından danışdı

Əkrəm Əylisli hava limanında saxlanılmaından danışdı

31 Mart 2016 13:40
Bəyəndim (0) Bəyənmədim (0)
"Əgər bu olanlar “Daş yuxular”la bağlıdırsa, o əsər artıq..."

Yazıçı Əkrəm Əylisli martın 30-da Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanında saxlanılmasının detallarını açıqlayıb. Ə. Əylisli apa-ya bildirib ki, hava limanında saxlanılarkən münaqişə yaratmayıb: "Ömrümün ən azı 60 ilini yazıçı həyatı yaşamışam. Bundan sonrakı həyatımın kiçicik parçasını da yazıçı kimi yaşamaq istəyirəm. Aeroportda mənimlə bağlı baş verən hadisənin nəyə və kimə lazım olduğunu anlamaqda çətinlik çəkirəm. Aeroportun polis idarəsində məntiqsiz və mənasız izahat yazıldığının şahidi oldum. Amma bu üsullar artıq köhnəlib. Bu izahat, söz yox ki, məni yolumdan saxlamaq istəyənlərin özlərinə haqq qazandırmaq məqsədi daşıyır".

Ə. Əylisli hər kəsi bir-birinə inanmağa və qorumağa çağırıb: "Sivil dövlət olduğumuza dünyanı inandırmaq üçün bizim bundan savayı yolumuz yoxdur. Sovet dövründə və ondan sonrakı dövrdə neçə-neçə beynəlxalq tədbirdə Azərbaycanı ləyaqətlə təmsil etmişəm. İndi bu missiyadan nəyə görə məhrum edilməliyəm? Buna heç bir səbəb tapa bilmirəm. Əgər bu olanlar "Daş yuxular"la bağlıdırsa, o əsər artıq siyasi kontekstdən çıxıb, ədəbi taleyini yaşayır".

Ə. Əylisli əlavə edib ki, rəsmi məlumatda göstərilənlər təyyarə yola düşdükdən sonra olub: "Əgər mən hər hansı nalayiq hərəkət etmiş olsaydım, o kameralarda əks olunmalı idi. Ona görə də bizi ayrı otağa apardılar, guya mən kamera olmayan yerdə münaqişə yaratmışam. Mənə izahatı göstərdilər. Aeroportun növbə rəisi izahatında göstərib ki, mən onu vurmuşam, yumruğun yeri qaralıb və bununla bağlı ekspertizanın rəyi də var".

Yazıçı əlavə edib ki, saxlanılarkən xarici pasportu alınıb və geri qaytarılmayıb.

Qeyd edək ki, dünən yazıçı Ə. Əylisli oğlu İlyas Əylisli ilə İtaliyaya gedərkən Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib ki, Əkrəm Əylisli buraxılış məntəqəsindən keçərkən əməkdaşlarla münaqişə yaratdığı üçün saxlanılıb.

Yazıçı axşam saatlarında sərbəst buraxılıb.

Mediainfo.az