Allahşükür Paşazadə: "Kiminsə yıxılması, kiminsə hakimiyyətə gəlməsi üçün o torpaqlar getdi"

Allahşükür Paşazadə: "Kiminsə yıxılması, kiminsə hakimiyyətə gəlməsi üçün o torpaqlar getdi"

30 Mart 2016 11:13
Bəyəndim (0) Bəyənmədim (0)
"Axundların moizələrini izləyəcəyəm"

"Kiminsə yıxılması, kiminsə hakimiyyətə gəlməsi üçün o torpaqlar getdi. Mən bu hadisələrin içərisində olmuşam, çox böyük xəyanətlər oldu. Bəlkə də o sirlərin çoxu mənimlə gedəcək. Əgər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəlməsəydi, indi kiminsə köləsiydik".

QMİ-də 31 Mart - Azərbaycanlıların Soyqırım Günü ilə bağlı keçirilən tədbirdə QMİ-nin sədri, şeyxülislam Allahşükür Paşazadə deyib.

QMİ sədri Heydər Əliyev tərəfindən 31 martın Dünya Azərbaycanlılarının Soyqırım Günü elan edilməsinin mühüm addım olduğunu vurğulayıb: "Ermənilər harada olurlarsa olsunlar, öz çirkin niyyətlərini həyata keçirməyə çalışırlar. Heydər Əliyevin də SSRİ-nin rəhbərliyindən uzaqlaşdırılmasında ermənilərin rolu oldu, sonra Qarabağ məsələsi başladı. Mən bütün erməni xalqını demirəm, ancaq içərilərində ekstremistlər çoxdur".

A. Paşazadənin fikrincə, Azərbaycanın inkişafı erməniləri qorxudur və bu səbəblə xaricdə daha çox çığır-bağır salırlar: "20 Yanvarda baş verənlər SSRİ-nin Azərbaycana qoşun yeritməsi kimi təqdim olunur. Əslində bu, ermənilərin Azərbaycanı işğal etmək cəhdi idi. Biz 20 Yanvarhadisələrində çox çalışdıq ki, şəhidləri indiki yerdə dəfn edək. Buna imkan vermək istəmirdilər. Ona görə orada dəfn etmək istədik ki, Bakıda 1918-ci ildə törədilən soyqırımda həlak olanları məhz orada, Çəmbərəkənddə dəfn etmişdilər".

QMİ sədri qeyd edib ki, Şuşa işğal olunarkən o zamankı dövlət rəhbərinin yanında olub: "Ancaq Şuşanın getməsini elə qarşıladılar ki, elə bil adi bir şey olub. Kiminsə yıxılması, kiminsə hakimiyyətə gəlməsi üçün o torpaqlar getdi. Mən bu hadisələrin içərisində olmuşam, çox böyük xəyanətlər oldu. Bəlkə də o sirlərin çoxu mənimlə gedəcək. Əgər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəlməsəydi, indi kiminsə köləsiydik. Torpağımız da, vəzifələr də bölüşdürülmüşdü. Heydər Əliyev canı, qanı bahasına şimaldan, cənubdan olan təhlükələri neytrallaşdırdı".

"Dövlətimiz, torpağımız, imanımız var. Düzdür, din dövlətdən ayrıdır, ancaq din xadimləri həqiqətləri xalqımıza çatdırmalıdır. Biz bu dövləti qorumağa çalışmalıyıq. Din xadimlərimiz dövlətin tədbirlərində fəal iştirak etməlidir. Bir ovuc adam deyir ki, dövlət adını çəkirsənsə, düz danışmırsan. Bunu deyən adamlar özləri yanlış yoldadır, din xadimləri dövlətimizə dəstək verməlidir. DQİDK və QMİ yerlərdə din xadimlərinin təkliflərini nəzərə alıb, birgə moizələr hazırlayacağıq. Din xadimlərimiz yerlərdə bu moizələri oxumalıdır", - deyə o vurğulayıb.

A. Paşazadə Brüsseldə baş verən terroru lənətlədiklərini də bildirib: "Ancaq necə olur ki, Brüsseldə də, Türkiyədə də, Pakistanda da terror baş verir, lakin bu hadisələrə münasibət fərqlidir. Bu da bir daha onu göstərir ki, biz dövlətimizə dəstək verməliyik. Ona görə məscidlərdə kameralar qoyulacaq. Mən özüm də qrup yaradacam, axundların moizələrini izləyəcəyəm. Axundun hansı moizələr oxumasından xəbərim olmalıdır. Kim bunu xırda siyasi məsələ kimi qələmə verməyə çalışacaqsa, özü bilər. QMİ rəhbəri kimi buna ixtiyarım var"

Mediainfo.az