Xətaidə uçan binadan yeni xəbər: "O bunaya ayrılan pul xərclənib"
Xəbər verildiyi kimi, Cavanşir küçəsi 10 ünvanında yerləşən yataqxana binası uçub.
Musavat.com-a məlumat verən mənbə bildirir ki, dünən səhər isə uçan binanın sakinləri Prezident Aparatına qəbula getmişdilər. Amma sakinləri qəbul edən məsul əməkdaş sakinlərə deyib ki, qorxmayın, binanız uçmaz, sizə heç nə olmaz.
Daha sonra sakinlərə bildirilib ki, Abid Şərifov, Hacıbala Abıtalıbov gəlib binaya baxacaq, amma deyilən şəxslər qəzalı binaya baxmağa gəlməyiblər.
Bu barədə Musavat.com-a xəbər verən sakin deyir ki, axşam gurultu qopdu: "Əvvəl elə bildik, zəlzələdir, bayıra qaçdıq, sonra gördük, zəlzələ-filan yoxdur, amma binanın yarısı uçub tökülüb".
Onun sözlərinə görə, 20 ailə gecəni qohum-qonşuda qalıb. 76 ailə isə hələ də yarısı uçmuş binada qalır. Hazırda hadisə yerinə vəzifəli şəxslərin gəlişi gözlənilir.
Bildirilir ki, 7 ildir FHN bu binanın yaşayış üçün yararsız olduğunu barədə sənədləşmə aparsa da, başda Abid Şərifov və Xətainin icra başçısı olmaqla, əlaqədar məmurlar camaatı yola verməklə kifayətləniblər. Hətta icra başçısı sakinlərə uçmaqda olan binanı təmir edə biləcəklərini də deyib. O bildirib ki, dövlətin sakinləri köçürməyə pulu yoxdur. Orada cəmi 96 ailə yaşasa da, məmurlar yalandan orada 120 ailənin yaşadığı barədə saxta sənəd tərtib ediblər.
Bundan bir neçə gün öncə maliyyə idarəsində şikayətçi sakinlərə deyiblər ki, binaya ayrılan pullar bina üzlüklərinin dəyişdirilməsinə xərclənib.
96 ailəyə 45 min manat kompensasiya ödəniləcəyinə söz verilsə də, sakinlər ölümün ixtiyarına buraxılıb.
Mediainfo.az