DTX-nın “qaynar xətti” istifadəyə verildi
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) 192 "qaynar xətti" istifadəyə verilib.
"Report"un xəbərinə görə, etimad telefon nömrəsi (+99412) 405-99-99 və 192 "qaynar xətti" vətəndaşların (müraciət edənlərin xahişi əsasında onların şəxsiyyətlərinin açıqlanmaması təmin edilir) məlumat vermələri, yaxud çatdırmaları üçün birbaşa əlaqə vasitəsidir.
Vətəndaşlar qanunvericiliklə təhqiqatı və ibtidai istintaqı DTX-nin səlahiyyətlərinə aid edilmiş hazırlanan, törədlilən və ya törədilmiş cinayətlər, eləcə də bu cinayətləri hazırlayan, törədən, yaxud törətmiş şəxs (şəxslər) barədə, milli təhlükəsizliyə təhdid yaradan hadisələr və ya hərəkətlər, həmçinin bununla bağlı digər məsələlər barədə məlumat verə bilərlər.
Azərbaycan Respublikasının və onun vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsinə, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin, terrorçuluq aksiyalarının, eləcə də digər mümkün təhdidlərin aşkarlanmasının və qarşısının alınmasına kömək edə biləcək bütün məlumatlar DTX üçün əhəmiyyət kəsb edir.
Etimad telefon nömrəsinin (+99412) 405-99-99 və 192 "qaynar xətti"nin növbətçiləri həftənin 7 günü 24 saat ərzində məlumat qəbul edirlər.
Vətəndaşlar xəbərdar olunurlar ki, terrorçuluq və digər cinayətlər barədə bilə-bilə yalan məlumat verməyə görə cinayət məsuliyyəti nəzərdə tutulub.
Mediainfo.az