Elçin Şıxlı: “Sevinirəm ki, anasının gözü yolda deyil”
"Rauf Mirqədirovun azadlığa çıxması mənim üçün çox gözəl bir xəbərdir. Hətta deyərdim ki, son iki ildə aldığım ən xoş xəbərdir".
Bunu Cebhe.info-ya fəaliyyəti dayandırılmış "Ayna-Zerkalo" qəzetinin baş redaktoru olmuş Elçin Şıxlı keçmiş işçisi Rauf Mirqədirovun azadlığa çıxmasına münasibət bildirərkən deyib.
O, Rauf Mirqədirovun azadlıqda olduğuna çox sevindiyini bildirib: "Sevinirəm ki, anasının gözü yolda deyil, sevinirəm ki, Novruz bayramı ərəfəsində Rauf evində olacaq və sevinirəm ki, məhbəsdə olan həmkarlarımızdan daha biri azadlıqdadır. Ümid edirəm ki, indən belə digər həbsdə olan həmkarlarımız da azadlığa buraxılar".
Elçin Şıxlı hazırda Rauf Mirqədirovla bir yerdə olduğunu da deyib: "Raufla birlikdə atasının qəbri üstə getdik. İndi də geriyə qayıtmışıq, evlərinə doğru gedirik".
Xatırladaq ki, Rauf Mirqədirov 2014-cü ilin aprel ayında Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rauf Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edilib. Həmin hökmdən Bakı Apellyasiya Məhkəməsinə müraciət edilib.
Mediainfo.az