Elnur Nağızadə ilə bağlı şikayət əsasında cinayət işi başlanıb

Elnur Nağızadə ilə bağlı şikayət əsasında cinayət işi başlanıb

11 Mart 2016 16:05
Bəyəndim (0) Bəyənmədim (0)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçmiş mətbuat katibi Elnur Nağızadə ilə bağlı daxil olmuş şikayət əsasında cinayət işi başlanıb.

Hüquq-mühafizə orqanlarından Apa-ya verilən məlumata görə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) və 308-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, bir müddət əvvəl yayılan məlumata görə, Bakı şəhər sakinləri Vüsal İbrahimov və Zaur Əsgərov hüquq-mühafizə orqanlarına verdikləri şikayət ərizələrində 2015-ci ilin avqust ayında Elnur Nağızadəyə işə düzəlmək məqsədilə 150 min ABŞ dolları verdiklərini bildiriblər. Onlar işlə təmin olunmadıqlarını və pullarını geri ala bilmədiklərini vurğulayıblar.

Məsələyə münasibət bildirən TQDK sədri Məleykə Abbaszadə bir müddət əvvəl açıqlamasında qeyd edib ki, bu ilin yanvarında iki nəfər E. Nağızadə ilə bağlı TQDK-na müraciət edib: "Biz xidməti araşdırma aparmışdıq. Həmin şikayətlərin TQDK-nın fəaliyyətinə heç bir aidiyyəti yoxdur. Onunla bağlı bütün sənədləri Korrupsiyaya İdarəsinə göndərmişik. Biz TQDK olaraq maraqlıyıq ki, onun qanuni və ya qeyri-qanuni fəaliyyəti ilə bağlı məsələlər araşdırılsın".

Mediainfo.az