Gürcüstanda xristianlarla müsəlmanlar üz-üzə gəldi

Gürcüstanda xristianlarla müsəlmanlar üz-üzə gəldi

1 Mart 2016 16:14
Bəyəndim (0) Bəyənmədim (0)

Gürcüstanın Samsxe-Cavaxeti bölgəsinin Adigeni rayonunda xristian və müsəlman gürcülər qarşıdurma baş verib.

APA-nın xəbərinə görə, bu barədə gürcü mətbuatı məlumat yayıb. İnsidentlə əlaqədar saxlanılanların olduğu bildirilir.

Qeyd edək ki, 30 il öncə Adigeniyə Acarıstandan torpaq uçqunu nəticəsində evsiz qalan onlarla ailə köçürülüb. İslam dininə sitayiş edən köçkünlərin yerli əhali ilə problemləri olmayıb. Lakin bu yaxınlarda Dini Məsələlər üzrə Dövlət Agentliyinin yerli müsəlman icmasına qəbiristanlıq üçün yer ayrılması haqqında qərarından sonra müəyyən narazılıq yaranıb. Yerli xristianlar jurnalistlərə açıqlamasında müsəlmanların bundan sonra məscid tikintisini tələb edəcəyindən, ardınca isə Adigenidən köçürüləcəklərindən ehtiyat etdiklərini açıqlayıblar. Əlavə edək ki, son illərdə Adigenidə xristian ailəsində doğulmuş bir uşağa 3 müsəlman uşaq düşür.

Gürcüstan Müsəlmanları İttifaqının sədri Tariyel Nakaidze özünün "Facebook" səhifəsində insidentdə günahkar olanların qanun çərçivəsində cəzalandırılmasını tələb edib. Onun sözlərinə görə, İslam dininin qaydalarına əsasən müsəlman və xristianlar bir qəbiristanlıqda dəfn oluna bilməz.

Məlumata görə, qarşıdurmaya səbəb Dini Məsələlər üzrə Dövlət Agentliyinin müsəlman icmasına qəbiristanlıq üçün yer ayırması olub.

T. Nakaidze bildirib ki, qarşıdurma zamanı 3 nəfər müsəlman döyülüb.

Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov da sayta açıqlamasında qarşıdurmanın müsəlman icmasına qəbiristanlıq üçün yer ayrılması üstündə baş verdiyini təsdiqləyib: "Bir il bundan əvvəl bizə Adigeni müsəlman icması tərəfindən qəbiristanlıq üçün torpaq sahəsinin ayrılması ilə bağlı müraciət daxil olub. Kəndin qəbiristanlığa ehtiyacı var idi. Şəriətə görə, müsəlmanlar xristian qəbiristanlığında dəfn oluna bilməz. Biz bu məsələni araşdırdıq və Dini Məsələlər üzrə Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən Əmlak və Maliyyə Komissiyasının iclasında Gürcüstan patriarxlığı nümayəndəsinin iştirakı ilə qəbiristanlıq üçün torpaq sahəsinin ayrılmasına dair qərar verilib.

Lakin Adigeninin xristian icması bununla razılaşmayıb. İndi onlar deyirlər ki, müsəlmanlar və xristianların eyni qəbiristanlığı olsun. Sözsüz ki, müsəlman icması bununla razı deyil, çünki şəriət icazə vermir ki, rəhmətə gedən müsəlman xristian qəbiristanlığına dəfn edilsin".

GMİ-nin şeyxi baş verən hadisə ilə bağlı bəyanat yaydıqlarını bildirib. Onun sözlərinə görə, bəyanatda Gürcüstanda tarix boyu müsəlman və xristian icmaları arasında hər hansı qarşıdurmanın baş vermədiyi vurğulanıb: "Müsəlmanlar üçün ayrıca torpaq sahəsinin ayrılması müsəlmanların dini haqqıdır. Komissiyanın qərarı ilə müsəlman qəbiristanlığı üçün yer ayrılıb və biz icmalardan xahiş edirik ki, təxribata getməsinlər".

GMİ şeyxi hələlik torpaq sahəsinin ayrılmadığını qeyd edib. Onun sözlərinə görə, hazırda müvafiq strukturlar təxribatın kimlər tərəfindən törədildiyini araşdırır.

Mediainfo.az