Beynəlxalq Mülki Müdafiə günü Səbaildə qeyd olundu

Beynəlxalq Mülki Müdafiə günü Səbaildə qeyd olundu

1 Mart 2016 15:35
Bəyəndim (0) Bəyənmədim (0)

1 Mart - Beynəlxalq Mülki Müdafiə günü münasibətilə Səbail rayonundakı 189-190 saylı orta məktəbində maarifləndirmə tədbiri keçirilib. "Qafqazinfo"ya daxil olan məlumata görə, İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi Səbail rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbiri orta məktəbin direktoru Ceyran Kuliyeva açıq elan edərək tədbirin keçirilmə məqsədi barədə danışıb.

Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Abit Əliyev bildirib ki, Beynəlxalq Mülki Müdafiə günü münasibəti rayonun bir çox idarə və təşkilatlarında, o cümlədən təhsil müəssisələrində mararifləndirici xarakterli tədbirlər keçirilir.

Rayonun Fovqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi, polkovnik-leytenant Nazir Əkbərov tədbirin keçirilməsinin əhəmiyyətindən danışaraq bildirib ki, əsas məqsəd şagirdləri maarifləndirmək, baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunmasının öyrədilməsidir.
Çıxışlardan sonra məktəbin həyətində süni yanğın hadisəsi təşkil olunub və həyəcan siqnalı verilib. Növbətçi müəllimlərin köməyi ilə məktəbin şagird kontingenti 4 dəqiqə ərzində məktəb binasından təxliyə olunub. Təxliyə olunan andan şərti xilasetmə əməliyyatına başlanıb.

Tədbirdə məktəb şagirdlərinin iştirakı ilə hadisə zamanı məktəb binasında qalan yaralılar həyətə çıxarılıb. Onlara ilkin tibbi yardım göstərilib və təcili yardım maşınları ilə xəstəxanalara aparılıblar. Yanğın zamanı yanğınsöndürmə manqasının üzvləri tərəfindən yanğın lokalizə edilərək söndürülüb. Təlimlər çərçivəsində xilasedici, yanğınsöndürmə, radiasiya əleyhinə və digər mühafizə vasitələrinə, FHN xilasedicilərinin xüsusi texnikası və alətlərinə baxış keçirilib.

Daha sonra orta məktəbin siniflərində maarifləndirici açıq dərslər keçirilib şagirdlərə əyani vəsaitlər və video filmlər nümayiş olunub.

Mediainfo.az