Aclıq edən Zərdab rayonunun eks müstəntiqinin səhhəti pisləşib
Rüfət Səfərov danışa və yeriyə bilmir, atası ona yenidən müraciət edir
Eldar Sabiroğlu: "Qaldı ki, həbsə, qoy etsinlər. Nə var ki bunda?"
Müdafiə Nazirliyi mətbuat xidmətinin keçmiş rəhbəri, eks millət vəkili Eldar Sabiroğlunun prokurorluq orqanlarından istefa verən oğlu Rüfət Səfərovun səhhəti kritikləşib. Bu barədə müsavat.com-a onun həyat yoldaşı Nuray Səfərova məlumat verdi. 2 gündür aclıq aksiyası keçirən R.Səfərovun təzyiqi aşağı düşüb, halı pisləşib. O, artıq danışa və yeriyə bilmir. Müsahibimiz R.Səfərovla bağlı aparılan yoxlama barədə də hər hansı məlumatı olmadığını dedi: "Hələ ki, bizə bu barədə heç bir məlumat verilməyib".
E.Sabiroğlu isə müsavat.com-a açıqlamasında bildirdi ki, oğlunun səhhətinə görə narahatdır. Dediyinə görə, aclığı dayandırması üçün ona müraciət olunsa da, qulaq asmır: "Sizin saytınız, qəzetiniz vasitəsilə burdan oğluma bir daha müraciət edirəm ki, oğul, aclığı dayandır. Bu, sənin sağlamlığına ziyandır. Mən ata kimi səndən xahiş edirəm, çəkil bu yoldan".
Müsahibimiz oğlunun işi ilə bağlı aparılan yoxlamalardan və bunun həbslə yekunlaşacağı ehtimalından da danışdı:"Hər şey ola bilər. Bu, həyatdır. Dözümlü yanaşıram bu işə. Ancaq heç bir sənəd təqdim etmədən, əmlakını müsadirə etmək, evində axtarış aparmaq nələrdənsə xəbər verir. Amma deyə bimərəm həbs edəcəklər, ya etməyəcəklər. O, həbsə layiq olacaq bir hərəkət etməyib. Sadəcə söz deyib, dövlətin əleyhinə çağırış etməyib, pis işlərlə məşğul olmayıb. Ona görə də söz tapıb deyə bilmirəm. Niyə belə edirlər, anlamaq çətindir. Ailəni hazırda düşündürən məsələ oğlumun səhhətidir".
E.Sabiroğlu bu günlərdə oğluna görə hakimiyyətin yüksək eşalonunda təmsil olunan hər hansı şəxslə danışıq aparmadığını dedi: "Oğlum bu yanlış addımı atandan sonra mənə heç kim zəng də etmir, mən də heç kimə zəng etmirəm. Onları da başa düşürəm. Mən dözürəm".
Müsahibimiz oğlunun Bakıya gəlməsini istəsə də, onun ordan buraxılmadığını dedi. E.Sabiroğlunun sözlərinə görə, ona bunun aparılan yoxlama ilə bağlı olduğu bildirilib: "Ailə üzvlərim gediblər. Mənsə burdayam. Mənim ora getməyimin o qədər də böyük mənası yoxdur. Əksinə, getsəm söz edə bilərlər ki, atası gedib, orda nələrsə məşğuldur. İndi oğlumun aclıq keçirməsindən narahatam. Mənə dedilər ki, taqətdən düşüb, yeriyə bilmir. Ata kimi narahatam. Qaldı ki, həbsə, qoy etsinlər. Nə var ki bunda? Amma oğlum həbsə hazır olmaq üçün fiziki sağlam olmalıdır. O da bunu etmir, təkrar səhvə yol verir. Mənə pis təsir bütün bunlar. Onun addımı ilə bağlı müraciətim olub. Mən onu yolundan döndərə biomədim. Yanlışı seçsə də, öz yoludur. Dəfələrlə onu bu yoldan döndərmək istəsəm də, dedi ki, xahiş edirəm, müdaxilə etməyəsən".
Mediainfo.az







































































.jpg)
.jpg)
.jpg)




















