Magistr pilləsinin boş qalan yerlərinə qəbul elan edilib

Magistr pilləsinin boş qalan yerlərinə qəbul elan edilib

28 İyul 2011 10:58
Bəyəndim (0) Bəyənmədim (0)

Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul elan edilib. Qəbul fevralın 20-də və iyunun 26-da keçirilmiş ikimərhələli qəbul imtahanında toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır.

Ali təhsil müəssisəsinin magistraturasına qəbul olunmuş bakalavrın boş qalan plan yerlərinə keçirilən müsabiqədə iştirak etmək hüququ yoxdur. Bakalavrlar boş qalan plan yerlərinə keçirilən müsabiqədə iştirak etmək üçün 1 avqust saat 9.00-dan 8 avqust saat 09.00-dək TQDK-nın müvafiq internet səhifəsinə (tqdk.gov.az/erizemagistr) daxil olub, seçdiyi ixtisaslaşmaların kodlarını "Bakalavrın elektron ərizəsi"ndə qeyd edib təsdiqləyirlər. Ərizəni təsdiq etmək üçün bakalavrlar TQDK-nın yeni ödəmə kartını almalıdırlar. Boş qalan plan yerləri olan ixtisaslaşmaların siyahısı "Magistr" jurnalının 6-cı sayında dərc olunub. Hər bir bakalavr bu siyahıdan imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına müvafiq 20-dək ixtisaslaşma kodunu seçə bilər. Bakalavr ixtisaslaşma kodlarının sayını və ardıcıllığını istədiyi kimi seçib ərizəsində göstərir. Seçilmiş ixtisaslaşmaların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı hüquqi əsas kimi qəbul olunur və bakalavr topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisaslaşmaların birincisinə yerləşdirilir. Dövlət hesabına magistraturada təhsil almış magistrlər dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər.

Tədrisi ingilis dilində olan ixtisaslaşmaların dövlət sifarişi üzrə ayrılmış yerlərini seçmək üçün bakalavrın imtahanın birinci mərhələsində ingilis dilindən balı 20-dən, ödənişli yerlərini seçmək üçün isə 15-dən az olmamalıdır.

1) 4, 6, 9, 10, 11, 20 və 21 saylı proqramların ödənişli yerlərini seçmək üçün ümumi bal 60-dan, ixtisas üzrə bal isə 15-dən az olmamalıdır;

2) 26, 39 və 46 saylı proqramların ödənişli yerlərini seçmək üçün ümumi bal 65-dən, ixtisas üzrə bal isə 15-dən az olmamalıdır.

Ali təhsil müəssisələrinin magistraturalarına qəbulun nəticələri ilə əlaqədar müraciətlərə TQDK-da yaradılmış apelyasiya komissiyası tərəfindən iyulun 26-dan 28-dək baxılır.

"Elmi beşikdən məzaradək öyrənin" (Məhəmməd Peyğəmbər)

Tofiq Əliyev

O.M.