Vergidən yayınan iş adamı həbs olundu

Vergidən yayınan iş adamı həbs olundu

28 İyul 2011 10:32
Bəyəndim (0) Bəyənmədim (0)

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində aparılan araşdırma zamanı külli miqdarda vergi ödəməkdən yayınmış "Alliance 1" və "Xarə" Məhdud Məsuliyyətli Cəmiyyətlərinin direktoru İbrahimov Şamil Behbud oğlu cinayət məsuliyyətinə cəlb olunaraq həbs edilib. Nazirlikdən "APA-ECONOMİCS"ə verilən məlumata görə, Ş. İbrahimov Bakı şəhəri Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyatda olan "Alliance 1" MMC-nin direktoru vəzifəsində işləyərkən müəssisənin 2008-ci ilin iyun-dekabr ayları üzrə əlavə dəyər vergisi bəyannamələrinə təhrif olunmuş məlumatlar daxil edərək xeyli miqdarda - ümumilikdə 39 min 691,3 manat ƏDV-ni dövlət büdcəsinə ödəməkdən yayındırıb. Bundan əlavə, Ş. İbrahimov 3 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyatda olan "Xarə" MMC-nin direktoru vəzifəsində işləyərkən müəssisənin 2008-ci ilin dekabr ayı üzrə əlavə dəyər vergisi bəyannaməsinə və illik mənfəət vergisi bəyannaməsinə təhrif olunmuş məlumatlar daxil edərək cəmi 43 min 190,53 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırıb. "Ümumilikdə 82 min 882,83 manat məbləğində vergini ödəməyən Ş.İbrahimov Cinayət Məcələsinin 213.2.2-ci maddəsində "külli miqdarda vergi ödəməkdən yayınma" nəzərdə tutulan cinayət əməlini törədib", - deyə nazirliyin məlumatında bildirilir. Departamentin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Ş. İbrahimov iyulun 21-də tutulub, iyulun 23-də Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib. Cinayət işi üzrə istintaq davam etdirilir.

Vergi verən mərd olar, verməyən...

Tofiq Əliyev

O.M.