Azərbaycanda növbəti Sosial Yeniliklər Düşərgəsi baş tutdu

Azərbaycanda növbəti Sosial Yeniliklər Düşərgəsi baş tutdu

27 İyul 2011 14:19
Bəyəndim (0) Bəyənmədim (0)
İki layihə qalib gəldi

Sosial Yeniliklər Düşərgəsinin Oxumeni.az-a verdiyi məlumata görə, Azərbaycanda növbəti Sosial Yeniliklər Düşərgəsi baş tutdu.

Bu həftəsonu iyulun 23-24-də "AF Hotel"-də Azərbaycanda sosial internet ideyalarının reallaşmasına dəstək verən sayca ikinci Sosial Yeniliklər Düşərgəsi baş tutdu. Düşərgənin ilk günündə seçilmiş ideya sahibləri və iştirakçılar əsas zala toplaşdılar və tədbir açıq elan edildi. Layihənin meneceri Emin Hüseynzadə düşərgə haqqında qısaca məlumat verdi və münsifləri təqdim etdi. Düşərgənin münsifləri müxtəlif ölkələrdən (Azərbaycan, Böyük Britaniya, Çexiya, ABŞ) çoxillik təcrübəyə malik mütəxəssislər idi. Daha sonra düşərgədə yarışmaq üçün seçilmiş altı müxtəlif ideya iştirakçılara təqdim olundu. İştirakçılar bu ideyalar ətrafında komandalara bölündülər və gərgin işə start verildi. İdeya müəllifləri bu ideyaların həyata keçirilməsinə yardım edəcək insanlarla bir komandada işləyərək mükafat uğrunda yarışmağa başladılar. İdeyalar üzərində iş zamanı münsiflər komandalara öz təkliflərini verir, iradlarını bildirir, onların aradan qaldırılması üçün məsləhətlər verirdilər.

İkinci gün ərzində ideyalar inkişaf etdirilərək layihə şəklinə salındı və layihələrin təqdimatı oldu. Layihələrin qiymətləndirilməsi münsiflər heyəti tərəfindən aparıldı, cəmiyyət üçün daha yararlı hesab olunan iki komandanın layihəsi qalib gəldi və onların reallaşması üçün pul mükafatı qazandı. Onlardan biri hər hansı çatışmazlığı və ya problemi olan insanların bu barədə məlumatı yaradılacaq sayta yazaraq digər sayt ziyarətçilərinin dəstəyini qazanması, digəri isə şəhər yollarında olan müxtəlif problemlər barədə insanlara operativ məlumat verilməsini nəzərdə tutur. Qalib gəlmiş ideyalara həmçinin konsaltinq xidməti də göstəriləcək.

Xatırladaq ki, düşərgənin əsas təşkilatçısı Mərkəzi Praqada yerləşən "Transitions", maliyyə donoru isə "IREX" idi və düşərgəni keçirməkdə məqsəd əhalinin sosial tələbatlarına cavab verən internet ideyalarının reallaşdırılmasına maddi və təşkilati kömək etmək idi. Düşərgəni adıçəkilən təşkilatların nümayəndələri də izlədilər. Azərbaycanda bu düşərgə ilk dəfə də məhz eyni təşkilatçı və donor tərəfindən ötən ilin sentyabrında təşkil olunmuşdu.

Gənclik cəmiyyətin bu günü və sabahıdır. Yenilənən və inkişaf edən gənclik parlaq gələcəyin təminatıdır...

Tofiq Əliyev

O.M.