ADA-da Fransadakı terror qurbanları anılıb

ADA-da Fransadakı terror qurbanları anılıb

16 Noyabr 2015 15:34
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Diplomatik Akademiyası (ADA) Universitetində Fransada ötən şənbə baş vermiş qanlı terror aktlarının qurbanlarının anım tədbiri keçirilib.

Tədbir universitetin Tələbə Mərkəzi ("Student Center") binasında baş tutub.

Universitetdə yaradılmış xüsusi guşədə gül və şamlar düzülüb həmçinin, Fransanın dövlət bayrağı asılıb.

Tədbiri çıxış sözü ilə universitetin prorektoru Fariz İsmayilzadə açıb. Ardınca fransalı tələbələr də çıxış ediblər. Onlardan tələbə qız İzabella bildirib: "Səhər terror xəbəri ilə oyandım. Terror xəbərini aldığım zaman yaşadığım hisləri söyləmək çox çətindir. Bunu heç birimizin yaşamağını arzu etmirəm. Fransa üçün universitetdə tələbələrin həmrəyliyini görmək çox gözəldir. Terrorizmin regional sərhədi yoxdur. Bugünkü terror aktı sadəcə, Fransaya aid deyil. İnsanlığa qarşı edilmiş bir terror aktıdır. Biz fransızlar olaraq, Fransaya və dünyaya dua edirik".

Fariz İsmailzadə fransalı tələbəyə öz təşəkkürünü bildirib. Prorektor söyləyib ki, son bir neçə gündə terror xəbərləri sadəcə Fransadan deyil, dünyanın bir çox ölkələrindən gəlməkdə davam edir: "Terror dinlə və ya milliyyətlə bağlı bir şey deyil. Bu, insanlığa qarşı törədilmiş bir aktdır. Bizim hər birimiz həmin situasiyada ola bilərdik. Həmçinin bizim universitetimizin tələbələri də Fransada "Exchange proqramı" üzrə təhsil alırlar ki, onların da başına belə bir faciəvi hadisə gələ bilərdi".

Ardınca o, tədbir iştirakçılarını, baş verən terror hadisəsi nəticəsində həyatlarını itirmiş şəxslərin xatirəsini bir dəqiqəlik sükutla anmağa çağırıb. Sonda isə prorektor tədbirə qatılan bütün iştirakçılara öz təşəkkürünü bildirib.

Mediainfo.az