Dünən jurnalistlər birlikdə istirahət etdilər

Dünən jurnalistlər birlikdə istirahət etdilər

23 İyul 2011 13:00
Bəyəndim (0) Bəyənmədim (0)

İyulun 22-də "Min bir gecə" istirahət mərkəzində Azərbaycan milli mətbuatının 136 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə çıxış edən Prezident Administrasiyasının İctimai-Siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan mediasının nümayəndələrini, jurnalistika sahəsində çalışan bütün mətbuat işçilərini milli mətbuatımızın 136-cı ildönümü münasibətilə təbrik etmiş, onlara işlərində uğurlar arzulamışdır. Əli Həsənov demişdir: "Biz dövlətimizin, millətimizin inkişafını jurnalistlərsiz təsəvvür etmirik. Azad söz, azad media cəmiyyətimizin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Qələm sahiblərinin fəaliyyəti dövlətimizin fəaliyyəti ilə həmahəngdir, millətimizin maraqlarına, ehtiyaclarına, onun inkişafının tələblərinə cavab verir. Biz jurnalistikanın inkişafında maraqlıyıq. Dövlətimizin siyasəti də ona istiqamətlənmişdir ki, Azərbaycanda azad medianın fəaliyyəti getdikcə genişlənsin, jurnalistlər kənar təsirlərdən azad olsunlar, istədikləri informasiyanı maneəsiz, sərbəst toplasınlar, cəmiyyətə çatdırsınlar, bununla da vətəndaşların informasiya ehtiyaclarını təmin etsinlər".

Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan mətbuatının keçdiyi şərəfli tarixi yola qısa nəzər salmış, "Əkinçi" qəzetinin xalqımızın həyatında oynadığı rolu xüsusi qeyd etmişdir. Sonra Mətbuat Şurasının təsis etdiyi "Ali media mükafatı"nın təqdimetmə mərasimi olmuşdur.
Tədbir iştirakçılarını bayram münasibətilə təbrik edən və onlara müstəqil dövlətçiliyimiz naminə gələcək fəaliyyətlərində uğurlar arzulayan Aslan Aslanov ulu öndər Heydər Əliyevin qurub yaratdığı müasir müstəqil Azərbaycan Respublikasında söz, fikir, mətbuat azadlığının təminatçısı olan Prezident İlham Əliyevə dərin minnətdarlığını və təşəkkürünü bildirmişdir.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli də öz növbəsində son illər ölkəmizdə medianın inkişafı naminə görülmüş işlərdən danışmışdır. Sonra KİVDF-nin mükafatları təqdim edilmişdir. Tədbir konsert proqramı ilə başa çatmışdır.

Mən isə təbii ki, orada yox idim. Çünki biz işləyirik ki, kimlərsə istirahət etsin...

Günel Həbib

O.M.