Təhsil sistemində bəzi kadr dəyişikliyi olub

Təhsil sistemində bəzi kadr dəyişikliyi olub

12 Noyabr 2015 12:51
Bəyəndim (0) Bəyənmədim (0)

Famil Mustafayev və Fərhad Əmirbəyov təhsil nazirinin müşaviri vəzifələrinə təyin ediliblər. Bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, TN-nin Elm və ali təhsil şöbəsinin müdiri Gültəkin Hüseynova həmin şöbənin Elm sektorunun müdiri vəzifəsinə keçirilib və Tədris resursları şöbəsinin müdiri Faiq Şahbazlı tutduğu vəzifədən azad edilərək Təhsil Problemləri İnstitutunun direktor müavini vəzifəsinə keçirilib.

Onun yerinə Təhsil Sektorunun İnkişafı üzrə Layihənin Əlaqələndirmə Qrupunun meneceri, direktor müavini və direktoru vəzifələrində çalışmış Elvin Rüstəmov təyin edilib.

Nazirliyin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri vəzifəsi Vasif Məmmədova həvalə edilib.

Məktəbəqədər və ümumi təhsil şöbəsinin Ümumi təhsil sektorunun müdiri Firidun Həmzəyev Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdir müavini vəzifəsinə keçirilib.

Lənkəran Dövlət Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsinə Azərbaycan Texniki Universitetinin professoru Nizami Yusubov təyin edilib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru vəzifəsinə Gülşən Əliyeva təyin olunub.

Bakı Slavyan Universitetinin elmi işlər üzrə prorektoru həmin universitetdə müxtəlif vəzifələrdə çalışmış Rafiq Novruzov təyin edilib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tədris işləri üzrə prorektoru Vaqif Qurbanov öz ərizəsinə əsasən işdən azad edilib. Həmin vəzifəyə isə Qasım Məmmədov təyin olunub.

Öz ərizələrinə əsasən Elşad İsmibəyli Azərbaycan Texniki Universitetinin elm və texnika üzrə prorektoru, Çingiz Bağırov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, Nuhbaba Şıxıyev Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İnzibati təsərrüfat işləri üzrə prorektoru vəzifələrindən azad ediliblər.

Mediainfo.az