Milyon manat oğurlayan 20 yaşlı oğlan məhkəmədə

Milyon manat oğurlayan 20 yaşlı oğlan məhkəmədə

6 Noyabr 2015 15:00
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda silsilə oğurluq əməlləri törədən Astara rayon sakini, 1995-ci il təvəllüdlü İsmayıl Qəhrəmanov, 1983-cü il təvəllüdlü Zaur Namazov və 1988-ci il təvəllüdlü Fərid Əlibəyovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə çıxış edən dövlət ittihamçısı təqsirləndirilən şəxslərin hər birinin 10 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Dövlət ittihamçısı zamində olan Zaur Namazov və Fərid Əlibəyov barəsində həbs qəti imkan tədbirinin seçilməsini istəyib.

Məhkəmə prosesi noyabrın 20-də davam edəcək.

Qeyd edək ki, Astara rayon sakini, 17 yaşlı İsmayıl Qəhrəmanovun 2013-cü ildə Nəsimi rayon Polis İdarəsinin əməliyyatçıları tərəfindən tutulub. Onun Bakının müxtəlif rayonlarında onlarla evi qarət etməsi məlum olub. Zərərçəkənlərin müraciəti əsasında və ilkin araşdırmalarla müəyyən edilib ki, İ.Qəhrəmanov təkcə Nəsimi rayonu ərazisində mənzillərdən 300 min manat dəyərində olan qızıl və müxtəlif valyutalar ələ keçirib.

Sonrakı araşdırmalarla 17 yaşlı peşəkar oğrunun başqa rayonların da ərazilərində çoxsaylı mənzilləri talaması məlum olub. Hələlik onun Binəqədi, Nərimanov, Xətai, Nizami rayonlarında onlarla evdən külli miqdarda pul və qızıl ələ keçirməsi aydınlaşıb. Zərərçəkənlərin isə sayı hər ötən gün artmaqdadır. Polis İdarəsindəki mənbə bildirir ki, İ.Qəhrəmanovun ələ keçirdiyi sərvətin 1 milyon manat civarında olmasına şübhə yoxdur.

Gənc oğlan cinayət əməllərinə 2011-ci ildən başlayıb. Onun sanballı oğurluqları isə 2012-ci ilə təsadüf edir. O, təkcə Nəsimi rayonu ərazisindəki 3 mənzildən ümumilikdə 100 min manatlıq qızıl və 50 min manatadək pul oğurlayıb. Mənzilləri seçərkən isə İ.Qəhrəmanov diqqətlə hərəkət edirmiş. O əvvəlcədən müxtəlif yollarla kimin evdə olub-olmamasını yoxlayırmış, sınaq cəhdləri edirmiş. Evlərə isə əsasən binaların eyvanlarından pəncərələrdən və nəfəsliklərdən daxil olurmuş.

Mediainfo.az