"KQB"-nin daha bir rəisi işdən qovuldu

"KQB"-nin daha bir rəisi işdən qovuldu

4 Noyabr 2015 10:56
Bəyəndim (0) Bəyənmədim (0)

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Xətai Rayon Şöbəsinin rəisi Rafiq Hümbətov işdən çıxarılıb.

R.Hümbətov MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Akif Çovdarovun bacısının kürəkənidir. 1972-ci il təvəllüdlü Rafiq Hümbətov A.Çovdarovun himayəsi altında tez bir zamanda MTN-də irəli çəkilənlərdəndir. 2010-cu ildə MTN-in Astara şöbəsinə rəis təyin olunan R.Hümbətov 2015-ci ilin fevralında qurumun Xətai rayon şöbəsinə rəis təyin olunub. Onun MTN-ə şöbə rəisi aparılacağı haqda söhbətlər də olub.

Qaynağımız deyir ki, A.Çovdarova güvənən R.Hümbətov özünü tutduğu posta uyğun aparmayıb, bir çox qanunsuzluqlara imza atıb. Onun "MTN işi" üzrə istintaqa cəlb edilməsi haqda da məlumat var.

Aldığımız digər məlumatda deyilir ki, MTN-dəki "təmizləmə"lər A.Çovdarovun 1-ci müavini Qorxmaz Hüseynova da çatıb. Vaxtilə MTN-in nəzdindəki Xüsusi İdarədə çalışmış Q.Hüseynov sonradan İdman Akademiyasına prorektor təyin olunub. Namiq Abbasov milli təhlükəsizlik naziri olarkən Q.Hüseynov geri dönmək istəsə də, N.Abbasov onun uyğun kadr olmamasını əsas gətirərək buna imkan verməyib. Eldar Mahmudov nazir təyin olunandan sonra isə MTN-in qapıları Q.Hüseynovun üzünə açılıb. Sabiq nazirlə qohumluq əlaqələri sayəsində o, böyük bir idarənin rəis müavini postuna təyinat alıb. Eldar Mahmudovun əsas kadrlarından olan A.Çovdarov MTN-dəki yığımların başında dayanan əsas 2-3 şəxsdən biri olub. Q.Hüseynov onun 1-ci müavini olmaqla yığımlarda iştirak edib.

A.Çovdarovun MTN-də peşəkar kadrların qənimi kimi ad çıxarması haqda da bilgilər var. O, istədiyi şəxsi MTN-də işə götürmək və ya əksinə, gözünə xoş görünməyən şəxsi işdən çıxarmaq səlahiyyətində olub.

Qeyd edək ki, bir qədər əvvəl A.Çovdarovun bacısının kürəkəni R.Hümbətovun əməllərindən şikayətçi olan həmkarlarından biri qafqazinfo-ya danışmışdı. Demişdi ki, A.Çovdarov onu gözlənilmədən Astaraya MTN-in rəisi təyin etdirib.

Həmin yazıdan sitat: "Həmin vaxt mən Astarada Rafiq Hümbətovla işləyirdim. Bu adamın ayıq günü olmurdu. Demək olar ki, hər gün içirdi. Astaranın Kələdəhnə kəndində "Ceyhun" restoranı vardı. Bura faktiki olaraq əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərirdi. Rafiqin günü işdə yox, burada keçirdi. Bir dəfə içkili şəkildə idarə etdiyi xidməti avtomobillə də inək vurmuşdu. Onun əməlləri o qədər narahatlıq yaratmışdı ki, həmin vaxt Astara icra başçısı olan Mahir Quliyev iclas keçirdi və bizim rəisə xəbərdarlıq etdi. Lakin heç nə onun vecinə deyildi. Həmin vaxt onun rütbəsi polkovnik-leytenant idi".

"Yeni Müsavat"ın ötən saylarından birində yoxlamaların A.Çovdarovun idarəsinə çatdığı haqda yazılmışdı.

Xəbər verdiyimiz kimi idarədə oktyabrın 29-da başlanılan yoxlamaların nəticəsi olaraq A.Çovdarova tabe olan 3 şöbə rəisi - Səlim Məmmədov, Akif Əliyev və Rəsul Rəsulov vəzifələrindən uzaqlaşdırılıblar. Bu şəxslər A.Çovdarovun "vuran əlləri" hesab olunurdular.

S.Məmmədov A.Çovdarovun himayəsi altında narkotik və insan alveri işlərində pul yığmaqla ad çıxarıb, R.Rəsulov haqq qoyan olub, A.Əliyev əvvəllər Çovdarovun köməkçisi olub, sonradan isə o da digər şöbələrin rəisləri kimi var-dövlət toplamaqla məşğul olmağa başlayıb.

Mediainfo.az