İstanbulda Suriya kəşfiyyatının bir əməkdaşının həbs olunduğu bildirilir

İstanbulda Suriya kəşfiyyatının bir əməkdaşının həbs olunduğu bildirilir

30 Oktyabr 2015 13:15
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa.info xəbər verir ki, mətbuatda yayılan xəbərlərdə İstanbulda son 9 gündə 3 casusun həbs olunduğu irəli sürülüb.

1 noyabr parlament seçkiləri ərəfəsində Suriya kəşfiyyatı "əl-Muxabərat"-ın agenti olmaqda şübhəli bilinən bir nəfər polis tərəfindən saxlanılıb. Saxlanılan şəxsin əlində İstanbulun məhəllələrinin planı olub.

Türkiyənin "Sabah" qəzeti həmin şəxsin seçki ərəfəsində Ankarada 102 nəfərin həyatına son qoyan partlayışda da əli olduğunu yazıb.

İstanbulun Zeytinburnu bölgəsində saxlanılan şəxsin üzərinə baxış keçirilən zaman onun üzərində ərazinin sxemi ilə yanaşı ətrafda yerləşən ticarət obyektlərinin adları və yerləşdiyi yerləri dəqiq göstərən bir siyahı olub.

Xatırladaq ki, İstanbulun Ataşehir bölgəsində də üzərində kustar üsulla hazırlanan əl bombası və gözyaşardıcı qaz aşkarlanan bir casus saxlanılmışdı.

Əvvəlcə sorğu məqsədi ilə İstanbul Terrorla Mübarizə Şöbəsinə aparılan həmin şəxsin 2-3 ay əvvəl Suriyadan Türkiyəyə keçdiyi məlum olub. Özünü rejim əleyhdarı kimi göstərən həmin şəxs burada əldə etdiyi bütün məlumatları Suriya kəşfiyyatına ötürüb.

Bütün bu məlumatlar əldə olunandan sonra saxlanılan agent Türkiyə kəşfiyyatına təhvil verilib.

Mediainfo.az