22 iyul Milli Mətbuat günüdür

22 iyul Milli Mətbuat günüdür

22 İyul 2011 09:58
Bəyəndim (0) Bəyənmədim (0)


Bu gün ölkəmizdə Milli Mətbuat günüdür. 1875-ci il iyulun 22-də xalqımızın böyük oğlu Həsən bəy Zərdabinin rəhbərliyi ilə ölkəmizdə ilk mətbu orqan olan "Əkinçi" qəzetinin ilk sayı nəşr olundu. Sonralar "Əkinçi"nin nəşrə başladığı 22 iyul Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunmağa başladı.

Qəzetin cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş "Əkinçi" az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşdı. Təsadüfi deyil ki, dövrünün görkəmli ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq edir, müntəzəm məqalələrlə çıxış edirdilər. Lakin "Əkinçi"nin ömrü uzun sürmədi. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başladı və sonda qəzetin nəşrini dayandırdı.

Lakin buna baxmayaraq milli mətbuatımız zaman keçdikcə çiçəklənməyə, inkişaf etməyə başladı. Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Bütün dünyada gedən qloballaşma prosesi mətbuatdan da yan ötməyib. Bu gün yüzlərlə jurnalist beynəlxalq təşkilatların dəstəyi ilə təşkil olunan peşə artımı kurslarında treninq və təkmilləşmə kursları keçirlər.

Biz də "Oxumeni.az" informasiya agentliyi kollektivi adından peşə bayramını qeyd edən bütün mətbuat işçilərini təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq.

Qələminiz iti olsun.

Tofiq Əliyev

O.M.