Namizəd Natiq Qocayev: "Bu barədə artıq DSK-ya məlumat vermişik”

Namizəd Natiq Qocayev: "Bu barədə artıq DSK-ya məlumat vermişik”

20 Oktyabr 2015 12:55
Bəyəndim (0) Bəyənmədim (0)

10 saylı Binəqədi üçüncü Seçki Dairəsindən millət vəkilliyinə namizəd olan Natiq Qocayev təbliğat-təşviqat işlərini tam gücü ilə davam etdirir.

AZXEBER.COM xəbər verir ki, adıçəkilən namizədin sayca üçüncü qərargahı seçicilərin ixtiyarına verib. Biləcəri və 9-cu mikrorayon ərazilərində fəaliyyət göstərən qərargahlara gün ərzində çoxsaylı sakinlər gəlib arzu və təkliflərini, o cümlədən problemlərini səsləndirirlər. Dünən və srağagün 9-cu və 9a mikrorayonlarda seçicilərlə bir neçə görüş keçirilib.

Namizədin təbliğat komandası istisnasız olaraq hər bir məhəllədə olub, 4000-dən çox təbliğat bukleti və təqvim sakinlərə paylanılıb. "Görüşlər bizim üçün çox məhsuldar keçdi. Çünki mən həmin məhəllələrdə böyümüşəm, orada böyükdən-kiçiyə hər kəs məni tanıyır. Sakinlərlə bir namizəd kimi deyil, köhnə tanış, dost kimi görüşdüm, söhbət etdim", - deyə açıqlama verən Natiq Qocayev təbliğat prosesində süni maneələrin də yaradıldığını bildirdi: "MSK-nın ayırdığı lövhələrə hər kəsdən öncə biz və YAP-ın namizədi şəkil vurmuşduq. Təxminən bir həftə onlara toxunan olmadı.

Lakin digər namizədlərin şəkilləri vurulmağa başladıqdan sonra mənim şəkillərimin cırıldığını müşahidə etməyə başladıq. Bizi narahat edən o haldır ki, təxminən 20 məntəqədə ancaq Qocayev Natiqin şəkli cırılmışdı və bəzi namizədlərin şəkilləri məhz cırılmış şəklimin yerində yapışdırılmışdı. Bu isə təsadüf sayıla bilməz. Bu barədə artıq DSK-ya məlumat vermişik".

1 noyabr seçkilərində qələbəsinə tam əmin olan Natiq Qocayev inamını özünəməxsus şəkildə ifadə etdi: "Seçicilərimin təxminən 30 faizi məni, ailəmi, nəsil-nəcabətimi tanıyır. Digər seçicilər də ən azı mətbuatdan, televiziyadan simamı tanıyırlar, çıxışlarıma, məqalələrimə, dünya görüşümə bələddirlər. Əminəm ki, bu tanışlıq seçki günü onların mənə qarşı inamına, etibarına, səsinə çevriləcək "

Mediainfo.az