
Seçicilər Natiq Qocayevi mehriban qarşıladılar
10 saylı Binəqədi üçüncü Seçki Dairəsindən millət vəkilliyinə namizəd olan Natiq Qocayev təbliğat-təşviqat işlərini tam gücü ilə davam etdirir. Mediainfo.az xəbər verir ki, adıçəkilən namizədin sayca üçüncü qərargahı seçicilərin ixtiyarına verib. Biləcəri və 9-cu mikrorayon ərazilərində fəaliyyət göstərən qərargahlara gün ərzində çoxsaylı sakinlər gəlib arzu və təkliflərini, o cümlədən problemlərini səsləndirirlər. Dünən və srağagün 9-cu və 9a mikrorayonlarda seçicilərlə bir neçə görüş keçirilib. Namizədin təbliğat komandası istisnasız olaraq hər bir məhəllədə olub, 4000-dən çox təbliğat bukleti və təqvim sakinlərə paylanılıb. "Görüşlər bizim üçün çox məhsuldar keçdi. Çünki mən həmin məhəllələrdə böyümüşəm, orada böyükdən-kiçiyə hər kəs məni tanıyır. Sakinlərlə bir namizəd kimi deyil, köhnə tanış, dost kimi görüşdüm, söhbət etdim", - deyə açıqlama verən Natiq Qocayev təbliğat prosesində süni maneələrin də yaradıldığını bildirdi: "MSK-nın ayırdığı lövhələrə hər kəsdən öncə biz və YAP-ın namizədi şəkil vurmuşduq. Təxminən bir həftə onlara toxunan olmadı. Lakin digər namizədlərin şəkilləri vurulmağa başladıqdan sonra mənim şəkillərimin cırıldığını müşahidə etməyə başladıq. Bizi narahat edən o haldır ki, təxminən 20 məntəqədə ancaq Qocayev Natiqin şəkli cırılmışdı və bəzi namizədlərin şəkilləri məhz cırılmış şəklimin yerində yapışdırılmışdı. Bu isə təsadüf sayıla bilməz. Bu barədə artıq DSK-ya məlumat vermişik". 1 noyabr seçkilərində qələbəsinə tam əmin olan Natiq Qocayev inamını özünəməxsus şəkildə ifadə etdi: "Seçicilərimin təxminən 30 faizi məni, ailəmi, nəsil-nəcabətimi tanıyır. Digər seçicilər də ən azı mətbuatdan, televiziyadan simamı tanıyırlar, çıxışlarıma, məqalələrimə, dünya görüşümə bələddirlər. Əminəm ki, bu tanışlıq seçki günü onların mənə qarşı inamına, etibarına, səsinə çevriləcək ".
Mediainfo.az