Deputat Elton Məmmədov Milli Məclisin iclasında iştirak etməyib

Deputat Elton Məmmədov Milli Məclisin iclasında iştirak etməyib

13 Oktyabr 2015 13:34
Bəyəndim (0) Bəyənmədim (0)

Milli Məclisin 91 saylı Ucar seçki dairəsinin deputatı Elton Məmmədov parlamentin bugünkü iclasına qatılmayıb.

Modern.az saytının əməkdaşı bunun səbəbini araşdırmağa çalışsa da, deputatla əlaqə saxlamaq mümkün olmayıb.

Elton Məmmədovun Milli Məclisin indiyə kimi bütün toplantılarında iştirak etdiyi nəzərə alınanda, onun bugünkü iclasa qatılmamağı diqqət çəkib. Üstəlik deputatın qardaşı, nəqliyyat naziri Ziya Məmmədovun özü, ailə üzvləri və ən yaxın çevrəsi ilə bağlı ardı-arası kəsilməyən çeşidli informasiyaların yayılması fonunda Elton Məmmədovun Milli Məclisə gəlməməyi maraq kəsb edə bilər.

Qeyd edək ki, Elton Məmmədov Milli Məclislə vidalaşmağa hazırlaşan deputatlardandır. O, 1 noyabrda keçiriləcək parlament seçkilərində namizədliyini irəli sürməyib. Onun əvəzinə həmin dairədən hakim Yeni Azərbaycan Partiyasının namizədi Vüsal Hüseynovun deputat mandatına sahiblənəcəyi gözlənilir.

Son günlər ölkə mətbuatında yazılan xəbərlərdə Məmmədovların başının üstünü "qara buludların" aldığı iddia olunur. Qeyd edilir ki, Elton Məmmədovun deputatlıqdan yola salınması onun qardaşı, nəqliyyat naziri Ziya Məmmədovun istefaya göndəriləcəyilə bağlıdır.

Ziya Məmmədovun özü də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş dünənki iclasında iştirak etməyib. Hərçənd bu, nazirin məzuniyyətdə olması ilə əlaqələndirilir...

Mediainfo.az