
Sentyabrda 49 sərhədpozucusu saxlanılıb
DSX tərəfindən 2015-ci ilin sentyabr ayı ərzində dövlət sərhədini pozduqları üçün 31 halda 49 nəfər saxlanılıb.
DSX-nin mətbuat mərkəzindən verilən məlumata görə, onların 16 nəfəri Azərbaycan, 7 nəfəri Əfqanıstan, 6 nəfəri Banqladeş, 5 nəfəri İran, 3 nəfəri Malayziya, 2 nəfəri Özbəkistan, 2 nəfəri Gürcüstan, 2 nəfəri Pakistan, 2 nəfəri Şri-Lanka, hər ölkədən bir nəfər olmaqla Qırğızıstan, Tacikistan, Suriya və Böyük Britaniya vətəndaşı olub.
Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 4 halda 6 nəfər, Xəzər dənizində 22 halda 41 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 395 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 18 halda 12 kiloqram 350,4 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Mediainfo.az