
Rusiya Suriya məsələsində ABŞ-la əməkdaşlığa razılıq verdi
Rusiya Yaxın Şərqdə həyata keçirilən antiterror əməliyyatlarında ABŞ-la və onun müttəfiqləri ilə əməkdaşlıq etməyə razılıq verib. BBC-nin məlumatına görə, rəsmi Pentaqonun mətbuat katibi Piter Kuk jurnalistlərə açıqlamasında məlumat verib ki, Suriyanın hava məkanı barədə məsələlərdə iki ölkə arasında razılığa gəlinib. Bu, ABŞ-ın adıçəkilən əməliyyatlarda əməkdaşlıq barədə Rusiyaya rəsmi təklifindən sonra baş tutub. Məlumatda o da bildirilir ki, məsələnin detalları şənbə-bazar günləri müzakirə olunacaq və razılıq əsasən texniki təhlükəsizlik məsələlərini əhatə edəcək.
Qeyd edək ki, bu ilin 7 oktyabr tarixində ABŞ-ın müdafiə naziri Eşton Karter Suriya əməliyyatlarında Rusiya ilə razılaşdırılmış şəkildə hərəkət etməyəcəklərini bildirmişdi. "Biz hesab edirik ki, Rusiya səhv mövqe tutub və onlar İŞİD-lə bağlı olmayan hədəfləri atəşə tuturlar", - deyə nazir bildirmişdi. Bunun ardınca Rusiya ABŞ-ı İŞİD-i himayə etməkdə təqsirləndirmişdi.
Xatırladaq ki, Rusiya İŞİD yaraqlılarının Suriyadakı mövqelərini zərərsizləşdirmək üçün artıq Böyük Britaniyaya da müraciət edib.
Mediainfo.az