
ABŞ polisin güllələdiyi qaradərilinin ailəsinə 6,5 milyon dollar ödəniləcək
ABŞ-ın Cənubi Karolina ştatının Nort-Çarlston şəhərinin rəhbərliyi məhkəmə öncəsi iddiaları nizamlama çərçivəsində ağdərili polis tərəfindən güllələnən Afrika əsilli amerikalının ailəsinə 6,5 milyon dollar kompensasiya ödəyəcək.
TASS xəbər verir ki, bu barədə qərar Nort-Çarlston şəhər şurası tərəfindən qəbul edilib.
Xatırladaq ki, söhbət aprel ayında baş verən və böyük ictimai rezonans doğuran insidentdən gedir. Xəbər verildiyi kimi, Nort-Çarlstonun hüquq mühafizə orqanında işləyən 33 yaşlı Maykl Sleqer avtomobillə hərəkət edən 50 yaşlı qaradərili Uolter Skottu arxa işığındakı nasazlığa görə saxlayıb. Daha sonra onlar arasında münaqışə baş verib və Skott qaçmağa çalışıb. Təsadüfi şahid tərəfindən çəkilən və KİV-lərdə yayımlanan videoda polisin silahsız şəxsə arxadan bir neçə dəfə atəş açdığı aydın görünür.
Hadisə ilə əlaqədar Maykl Sleger polis sıralarından qovulub, daha sonra ona qətllə bağlı ittiham irəli sürülüb. Günahı sübut edilərsə, keçmiş polis əməkdaşı 30 ilədək azadlıqdan məhrum oluna bilər.
Mediainfo.az