Şəhid atası dərdini danışmağa məmur tapmır

Şəhid atası dərdini danışmağa məmur tapmır

22 Sentyabr 2015 12:40
Bəyəndim (0) Bəyənmədim (0)

"Bir oğul şəhid vermişəm, bir oğlum da intihar həddindədir. Mən nə edim? Dərdimi kimə deyim? Şəhid balamın məzarını götürüm çıxım Şirvandan gedim?" – bu sözləri Prezident Adminstrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova və baş prokuror Zakir Qaralova ünvanladığı müraciətdə Zakir Məmmədov yazıb.

Şəhid atası yazır ki, bir müddət əvvəl baş prokurorun 1-ci müavini Rüstəm Usubovun qəbulunda olub: "Rüstəm Usubov məni qəbul elədi və ətraflı dinlədi. Ailəmizin başına gələn müsibəti ona bildirsəm də bu günə kimi heç bir tədbir görülmədi, heç bir nəticə olmadı. Sanki elə bil kim kimi istəsə evinə hücum çəkib döyüb söyməli, təhqir etməli və cəzasız qalmalıdır. Oturduğumuz yerdə günümüz qara olub, heç bir tədbir də görülmür. Firavan ölkədə çıxılmaz vəziyyətdə qalmışıq. Mən Fuad Ələsgərova, baş prokuror Zakir Qaralova müraciət edirəm. Məni şəxsən özünüz qəbul edin, dərdimi dinləyin. Şəhid ailəsini şərin, böhtanın əlindən xilas edin".

Qeyd edək ki, müraciət müəllifinin oğlu Rövşən Məmmədov 1994-cü ildə Qarabağ uğurunda gedən döyüşlərdə Fizuli rayonu ərazisində şəhid olub. (musavat)

Mediainfo.az