YAP KİV nümayəndələrini mükafatlandırıb

YAP KİV nümayəndələrini mükafatlandırıb

18 İyul 2011 16:23
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında Azərbaycan milli mətbuatının yaranmasının 136-cı ildönümü münasibətilə jurnalistlərin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə çıxış edən YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov qarşıdan gələn 22 iyul - Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib. Ə. Əhmədov bildirib ki, bu gün kütləvi informasiya vasitələri cəmiyyət həyatında xüsusi yer tutur. Mətbuatın cəmiyyətin informasiya ehtiyacının ödənilməsi baxımından vacib rol oynadığını vurğulayan YAP sədrinin müavini qeyd edib ki, KİV cəmiyyətin səmərəli fəaliyyət göstərməsində də əhəmiyyətli funksiyaya malikdir. Son illərdə Azərbaycanda bütün sahələr üzrə dinamik inkişaf getdiyini deyən Ə. Əhmədov Azərbaycan dövlətinin və prezidentinin mətbuatın inkişafına da xüsusi diqqət göstərdiyini vurğulayıb. O, Yeni Azərbaycan Partiyası kütləvi informasiya vasitələri ilə əlaqələrə böyük önəm verdiyini deyib.

"YAP ölkəmizin ən aparıcı siyasi qüvvəsidir və böyük ictimai dəstəyə malikdir. Bu gün artıq partiyamızın üzvlərinin sayı 550 min nəfərə yaxındır. YAP-ın qazandığı uğurların çoxsaylı səbəblərindən biri də onun fəaliyyətinin kütləvi informasiya vasitələri tərəfindən geniş ictimaiyyətə çatdırılmasıdır. Biz mətbuatla əlaqələrimizə xüsusi diqqət yetiririk. Milli mətbuat günü ilə bağlı keçirdiyimiz görüşlər isə artıq ənənəyə çevrilib" - deyə, Ə. Əhmədov bildirərək KİV-in 25 nümayəndəsinə mükafatlar təqdim edib.

Könül Aypara

O.M.