Rayon qeydiyyatında olan maşınlar üçün duracaq Müşfiqabad qəsəbəsində də tikiləcək

Rayon qeydiyyatında olan maşınlar üçün duracaq Müşfiqabad qəsəbəsində də tikiləcək

10 Sentyabr 2015 12:12
Bəyəndim (0) Bəyənmədim (0)

Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 23 iyul 2015-ci il tarixli "Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında" qərarına əsasən DİN Baş Dövlət Yol Polisi İdarəsi paytaxtın cənub və şimal istiqamətlərindən giriş ərazilərə yaxın yerlərdə bütün zəruri şəraiti olan ödənişsiz duracaqların tikintisini başa çatdırıb.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev açıqlamasında bildirib ki, şəhərin şimal girişindəki duracaq Bakı-Quba yolunun 160-cı km-də, Abşeron Gənclər şəhərciyi yaxınlığında, şəhərin cənub girişindəki duracaq Bakı-Ələt yolunun 14-cü km-də, Lökbatan dairəsinin yaxınlığındadır.

K. Əliyev bildirib ki, duracaqlar rayon qeydiyyatında olan avtomobillərin saxlanılması üçün tam hazırdır. Hazırda duracaqlarda yeməkxana və kommunal xidmət obyektlərinin tikintisi tamamlanır. Bu ödənişsiz duracaqlar xidmət obyektləri də daxil olmaqla, sentyabrın 15-dən rayon qeydiyyatında olan avtomobillər üçün istifadəyə veriləcək. Duracaqların sahələri 10-12 hektardır.

K. Əliyev Bakı-Şamaxı yolunda, Müşfiqabad qəsəbəsi yaxınlığında rayon qeydiyyatında olan avtomobillər üçün üçüncü duracağın tikintisi üçün də torpaq sahəsi ayrıldığını açıqlayıb.

Qeyd edək ki, baş nazirin müavini, NK-nin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının sədri Abid Şərifov sentyabrın 15-dən rayon qeydiyyatında olan avtomobillərin səhər saat 7:00-dan axşam saat 24:00-a qədər paytaxta buraxılmayacağını, bu avtomobillərin şəhərin cənub və şimal girişindəki duracaqlarda saxlanılacağını bildirib. Rayon qeydiyyatında olan avtomobillər gecə saat 24:00-dan səhər saat 7:00-a qədər Bakıya daxil ola bilər.

Mediainfo.az