Türkiyəli jurnalistlər Azərbaycandadırlar

Türkiyəli jurnalistlər Azərbaycandadırlar

18 İyul 2011 16:30
Bəyəndim (0) Bəyənmədim (0)

Mətbuat Şurasında Azərbaycanda səfərdə olan Türkiyə jurnalistləri ilə ölkənin mətbuat orqanlarının redaktorları arasında görüş keçirilib. Türkiyədəki səfirliyinin mətbuat katibi Elsevər Salmanov bildirib ki, türkiyəli media nümayəndələrinin səfərində əsas məqsəd Azərbaycan barədə məlumatları ilk mənbədən əldə etməkdir: "Türkiyədən Ermənistana tez-tez səfərlər həyata keçirilir. İstərdik ki, Azərbaycana da belə səfərlər intensivləşsin". O bildirib ki, səfər çərçivəsində jurnalistlər cəbhə bölgəsində, ölkənin regionlarında olacaq, bir sıra hökumət və QHT nümayəndələri ilə görüşlər keçirəcəklər.

Azərbaycan mediası barədə məlumat verən Mətbuat Şurasının sədri Əflatun Amaşov ölkədə 9 televiziya kanalının, 15 regional TV-nin, 30 gündəlik, 100 həftəlik qəzetin fəaliyyət göstərdiyini deyib. O qeyd edib ki, ölkə əhalisinin 50 faizinin internetə çıxış imkanı var: "Sosial şəbəkələrə isə çıxışda məhdudiyyət yoxdur və Azərbaycanda qəzet açmaq prosesi sadələşdirilib. "Diffamasiya haqqında qanun" layihəsi hazırlanıb və payızda Milli Məclisin müzakirəsinə çıxarılacaq. Bu layihəyə əsasən jurnalistlər yazıya görə həbs edilməyəcəklər". Ə. Amaşov deyib ki, türkdilli ölkələrin mətbuat nümayəndələri arasında əməkdaşlığın artırılması məqsədilə bu ilin payızında Bakıda türk dilində yazan jurnalistlərin toplantısı keçiriləcək. MŞ-nin sədri Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana qarşı işğal siyasəti barədə də məlumat verib. Görüşdə "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov və digərləri ölkə mətbuatı, yaranma tarixi, hazırkı durumu barədə məlumat veriblər. Sonra Azərbaycanın mətbuat nümayəndələri Türkiyənin "Zaman", "Milliyyet", "Radikal", "Habertürk" qəzetlərinin Azərbaycana səfərə gəlmiş əməkdaşlarını maraqlandıran sualları cavablandırıblar.

Qələminiz iti olsun.

Könül Aypara

O.M.