İş adamına külli miqdarda “atdılar”

İş adamına külli miqdarda “atdılar”

9 Sentyabr 2015 16:10
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən Araz Eyvazovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

İttiham aktına görə, Araz Eyvazov vətəndaşları aldadaraq onların külli miqdarda pullarını mənimsəyib.

Araz Eyvazov Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə ittiham edilib. Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Tağı Nağıyev ifadə verib.

O bildirib ki, Araz Eyvazovla Yasamal rayonunda kafelərdən birində olarkən tanış olublar: "Kafedə Orxan İsayevin vasitəsilə Arazla tanış oldum. Orada Orxanla çay içirdik, bir qədər sonra da Araz ora gəldi. Söhbət əsnasında Araz satmaq məqsədilə xaricdən uşaq bezi gətirdiyini bildirib. O, dedi ki, uşaq bezini təyyarə ilə gətirdiyini, bunun da miqdarının az olduğunu bildirdi. O, uşaq bezini daha çox gətirmək üçün məndən maliyyə baxımından köməklik göstərməyimi istədi. İkinci dəfə Orxan İsayevlə birlikdə yenidən Arazla görüşdük. Amma yenə də onunla razılaşmadım".

Zərərçəkmişin sözlərinə görə, Orxan İsayev yenidən ona zəng edib və TİR maşınları ilə uşaq bezi getirmək planları var: "Amma maliyyə problemlərinin olduğunu dedi. Bildirdi ki, 80-90 min manat pul lazımdır. Ona üstümdə 40 min dollar olduğunu, üstünü düzəldərək pul verə biləcəyimi dedim. 30 min dollar taparaq Orxan İsayevə 70 min dollar verdim".

Tağı Nağıyev qeyd edib ki, Araz Eyvazov daha sonra şəkər tozu və kabel biznesinə girişdiyini deyib: "Hissə-hissə onlara 450 min dollar vermişəm. Amma nə əsas puldan, nə də gəlirdən mənə heç nə verilməyib. Ümumilikdə Araz Eyvazov mənə 750 min dollar verməlidir".

Zərərçəkmiş bildirib ki, pulları birbaşa Araz Eyvazova verməyib. Onun sözlərinə görə, pulları Orxan İsayevə verib: "Orxanda həmin pulları Araz Eyvazova çatdırıb. Orxanın pulları Araza verməsini görmüşəm. Həmin pulları Orxan və Araza verərkən sənədləşdirmə etməmişəm. Çünki onlara inanmışam".
Məhkəmə iclası sentyabrın 17-də davam edəcək.

Mediainfo.az