Azİmport MMC-in rəhbəri işçisini döydürüb -FOTO

Azİmport MMC-in rəhbəri işçisini döydürüb -FOTO

9 Sentyabr 2015 12:56
Bəyəndim (0) Bəyənmədim (0)

Azİmport MMC-nin rəhbəri ondan borcunu almağa gələn işçini mühafizəçisinə döydürüb.

Bu barədə Axar.az-a döyülərək təhqir edilən 39 yaşlı Şəfa Kərimov məlumat verib. Onun sözlərinə görə, şirkətin həbsdə olan rəhbəri Rəşad Məmmədovu əvəzləyən Azər Əsgərov və cangüdəni Maqsud tərəfindən vəhşicəsinə döyülüb. Şikayətçi Bakının "Şanxay" adlanan ərazisində tikililərin dam örtüklərini dəyişən və divarlarını rəngləyən, əvəzində 6 aydan çoxdur maaşını ala bilmədiyi deyilən 540 işçidən biridir. Ş.Kərimov deyib ki, pulun veriləcəyi vəd edilən vaxtda şirkətə gəliblər. Lakin şirkət rəhbəri və cangüdənləri pul olmadığını bildiriblər. Əmək haqqını ala bilməyən Ş.Kərimovla A.Əsgərov arasında mübahisə düşüb. Şirkət rəhbəri və Maqsud adlı cangüdəni onu məcburi şəkildə maşına mindirərək naməlum istiqamətdə aparıblar: "Maşına mindirən kimi başıma bir neçə zərbə endirdilər. Maşında başqa adamlar da var idi. Hərəsi bir tərəfdən başıma, üzümə vururdu. Məni məcburi şəkildə maşına mindirdiklərini şirkətin qarşısında olan digər haqqı pozulan işçilər də təsdiqləyə bilər. Elxan, Əsəd, Rövşən, Tahir, Nicat, Fariz, Əsədxan və bir neçə işçi var ki, onlar da buna şahiddir. Şirkət binasının qarşısında təhlükəsizlik kameraları da var. Çox güman ki, məni məcburi şəkildə maşına mindirmələri kameralara da düşüb. Əgər görüntüləri silməyiblərsə, döyülməyimə bir sübutdur". Onun sözlərinə görə, avtomobildə olarkən A.Əsgərovun cangüdəni Maqsud silahla onu hədələyib: "Bildirdi ki, ürəyin hara istəyir, get, şikayət et. Səni polis bölməsinə aparıb başına hər cür oyun açaram. Maşından düşürəndən sonra yenə vurdular. Maqsud qarnıma təpik də atdı. Evə gedə bilmədiyim üçün dostlarıma zəng etdim ki, məni aparsınlar". Şikayətçi qeyd edib ki, döyülməsi ilə bağlı polisə şikayət etməyib. Buna səbəb onu hədələyən şəxslərin ailəsinə və özünə zərər vura biləcəyi ilə bağlı hədəsidir: "Altı aydan çoxdur əməkhaqqımızı ala bilmirik. Bu adamlar hər şeyə qadirdirlər. Ailəm var, uşaqlarım var. Buna görəm polisə şikayət etmədim, amma məsələnin ictimailəşməsini və dövlətimin məni himayəyə almasını istəyirəm", - deyə Ş.Kərimov söyləyib. Bu ittihamlara münasibət bildirən A.Əsgərov Axar.az-a deyib ki, o, şirkətin rəhbəri deyil, sədrin müavinidir. Şikayət edən şəxsi isə tanımır. Onun sözlərinə görə, həmin adam kimdirsə, şirkətə gəlib maaşla bağlı problemini söyləyə bilər. Xatırladaq ki, Azİmport MMC-nin işçilərə ümumilikdə 1 milyon 838 min manat borcu olduğu bildirilir. Şirkət yaxın günlərdə işçilərin öz vəsaiti hesabına bir neçə tikinti şirkətindən aldıqları tikinti materiallarının pulunu qismən ödəyib. Vəsaitin digər hissəsinin əvəzinə isə tikinti şirkətinə iki mənzil verib. Hazırda Azİmport MMC işçilərə 316 min manat pul borcludur. Ş.Kərimov döyüldüyünü əks etdirən fotoları da redaksiyaya təqdim edib.

Mediainfo.az