Hərbi Xidməti bitirib ehtiyata buraxılan əsgərlərin bir hissəsi yenidən hərbi hissələrə çağırılır

Hərbi Xidməti bitirib ehtiyata buraxılan əsgərlərin bir hissəsi yenidən hərbi hissələrə çağırılır

9 Sentyabr 2015 12:11
Bəyəndim (0) Bəyənmədim (0)

Hərbi Xidməti bitirib ehtiyata buraxılan əsgərlərin bir hissəsi yenidən hərbi hissələrə çağırılır.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, vətəndaşların yenidən çağırılmasına səbəb Müdafiə Nazirliyinin sentyabrın 6-dan 13-dək Silahlı Qüvvələrin bütün qoşun növlərinin döyüşə hazırolma və döyüş qabiliyyətinin yoxlanılması məqsədilə Komanda Qərargah Hərbi Oyunları ilə əlaqədardır.

Dövlət Xidmətindən yenidən əsgərliyə çağırılan gənclərin hansı müddətə qədər hərbi hissələrdə qalacağının hələlik məlum olmadığını bildiriblər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən Müdafiə nazirinin rəhbərliyi altında sentyabrın 6-dan 13-dək Silahlı Qüvvələrin bütün qoşun növlərinin döyüşə hazırolma və döyüş qabiliyyətinin yoxlanılması məqsədilə Komanda Qərargah Hərbi Oyunları keçirilir.

Təlimlərə 65.000 nəfərədək şəxsi heyət, 700-dək zirehli texnika, 500-dən çox raket və artilleriya qoşunlarının qurğusu, Hərbi Hava Qüvvələrinin 40-dək təyyarəsi və 50-dək helikopteri, Hərbi Dəniz Qüvvələrinin 20-dək gəmi və kateri, eləcə də Xüsusi Təyinatlı Qüvvələrin və qruplaşmaların havadan mühafizəsi məqsədilə qoşunların hava hücumundan müdafiə bölmələri və müasir hava hücumundan müdafiə kompleksləri ilə silahlanmış zenit-raket birləşmələri cəlb edilib.

Təlimlərdə hava kəşfiyyatının aparılması məqsədilə pilotsuz uçan aparatlardan istifadə olunacaq.

Komanda Qərargah Hərbi Oyunlarında qoşunların döyüşə tam hazırolma vəziyyətinə gətirilməsi və yenidən qruplaşması, müdafiənin aparılması, əks-hücum əməliyyatının hazırlanması və keçirilməsi, eləcə də düşmənin mühasirəyə alınması və darmadağın edilməsi üzrə tapşırıqlar icra olunacaq.

Ali Baş Komandanın göstərişinə əsasən təlimlər zamanı birləşmə və hissələrin səfərbərlik tapşırıqlarının yerinə yetirilməsi səviyyəsinin yoxlanılması məqsədilə ehtiyatda olan 6.000 nəfərdən artıq hərbi vəzifəli təlim toplanışına cəlb ediləcək. Döyüş hazırlığı çərçivəsində onlarla silah və hərbi texnikadan istifadə qaydaları üzrə praktiki məşğələlər, döyüş atışları, mənəvi-psixoloji hazırlıq və döyüş uzlaşması üzrə tədbirlər keçiriləcək.

Komanda Qərargah Hərbi Oyunlarının son mərhələsində təlim mərkəzləri və poliqonlarda motoatıcı və tank bölmələrinin, raket və artilleriya qurğularının, zenit-raket komplekslərinin, döyüş təyyarə və helikopterlərinin döyüş atışları icra olunacaq, praktiki raket buraxılışları və bombalama həyata keçiriləcək.

Mediainfo.az